BLOQ

Rusiya Azərbaycana daxildən təsir etməyə $100 mln xərcləyib

Putin tərəfindən bağlanan, qonşu Azərbaycanda mədəni əlaqələr üzrə qalmaqallı idarə necə işləyib?

Rusiya Azərbaycana daxildən təsir etməyə $100 mln xərcləyib
  • Oxuma müddəti:

    3 dəqiqə

  • "İnsider"  araşdırmaçı nəşri Moskvanın qonşu ölkələrdə böyük büdcə vəsaitlərinin yatırıldığı, lakin heç bir nailiyyət əldə etmədiyi “yumşaq güc” siyasətinin tam iflasa uğraması barədə məqalə dərc edib.

    Məqalədə Azərbaycanda Rusiya xüsusi xidmətlərin “yumşaq güc” adı ilə casusluq, "verbovka", mənimsəmə və ziyafətlər haqda bəzi həqiqətlər açılır.

    Azərbaycan üzrə kurator "QRU" (Baş Kəşfiyyat İdarəsi) zabiti Valeri Çernışov olub. O, respublikada tanınmış şəxslər, o cümlədən məmurlar, hərbçilər və ictimai xadimlərdən güya mütəmadi  “donoslar” alırdı.

    Xarici ölkələrlə mədəni əlaqələr idarəsinin dərinliklərində  qonşu dövlətlərdəki vəziyyətlə bağlı məxfi hesabatlar da hazırlanıb və Putinə təqdim edilib. Məsələn, Kreml Azərbaycanda Türkiyədən fərqli olaraq Rusiyanın maraqlarını təşviq edəcək təşkilatların demək olar ki, tamamilə olmamasından çox narahat idi.

    2005-ci ildə Rusiya Prezidenti yanında Xarici Ölkələrlə Regionlararası və Mədəni Əlaqələr İdarəsi yaradılmışdı İdarəyə Dmitri Kozak kuratorluq edib.

    İdarənin “Azərbaycan” departamentinin Kozaka verdiyi məxfi hesabatdan bir parçanı təqdim edirik:

    "Rusiya QHT-lərinin Azərbaycanda mövcudluğunu gücləndirmək məqsədəuyğundur. Rusiyanın mövqeyini təşviq edəcək real ictimai təşkilatların olmaması açıq-aşkardır. Azərbaycanda mövcud QHT-lərin canlanması və ya yenilərinin yaradılması uzunmüddətli perspektivdə Rusiya təsirinin həyata keçirilməsi üçün "yumşaq güc” alətinin yaradılmasına töhfə verə bilər.

    QHT işinin əsas istiqaməti sərhədyanı ərazilərə, gənclərə, tələbə təşkilatlarına, təhsilə, rus dilinə, mədəni layihələrə və jurnalist forumlarına yönəldilə bilər. QHT layihələri təkcə iri tədbirlərlə bitməməli, daim Azərbaycan cəmiyyətinə daxildən “nüfuz etməli”, kütləvi informasiya vasitələrində səslənməlidir.

    Həmyerlilər (rus icması) təşkilatlarla işi optimallaşdırmaq və sistemləşdirmək, lazım gələrsə, onların rəhbərlərini dəyişmək lazımdır”. Köhnə Meydandan (Rusiya Prezident administrasiyasının ünvanı) olan emissarlar Azərbaycana tez-tez gəlməyə başladı, çoxsaylı seminarlar, dəyirmi masalar, konfranslar, jurnalistika məktəbləri təşkil olundu, Bakıda isə Rusiya büdcəsindən ayrılan pullarla indiki prezident İlham Əliyevin mərhum atası ilə bağlı təmtəraqlı sərgi təşkil olundu: “Heydər Əliyev. Şəxsiyyət. Missiya. Miras.”

    "Mənim hesablamalarıma görə, Azərbaycanla dostluğa yüz milyon dollardan çox pul töküldü, amma hər şey boş yerə getdi. Yenə də görüntü yaratmaq üçün və ya "balalayka diplomatiyası" ruhunda çox işlər görüldü. Onlar isə həmişə içdilər, içdilər və içdilər", - İdarənin keçmiş əməkdaşı "The Insider"ə bildirib.

    Moskva ilə Bakı arasında “sevgi” macərası 2025-ci ilin əvvəlində bitdi. Rusiya hakimiyyəti əvvəlcə Azərbaycan Hava Yollarının təyyarəsi ilə faciənin təfərrüatlarını inadla gizlədib, sonra isə Yekaterinburqda faktiki olaraq dindirmə zamanı işgəncələrə məruz qalan Ziyəddin və Hüseyn Səfərov qardaşlarının ürək çatışmazlığından ölməsi barədə yalan danışıb

    Azərbaycan hakimiyyətinin reaksiyası özünü çox gözlətmədi: Bakıda Kremlin təbliğat ruporu olan "Sputnik"i sərt şəkildə bağladılar və Rusiya tərəfi ilə rəsmi tədbirləri minimuma endirdilər.