16:19
Ukrayna Prezidenti Volodimir Zelenski polis və Ukrayna Təhlükəsizlik Xidmətinin ilkin araşdırma apardığını və vəzifə səhlənkarlığına görə cinayət işi açıldığını açıqlayıb. "Aydın qaydalar var: sursat yaşayış binalarının və digər tikililərin yaxınlığında saxlanılmamalıdır. Müvafiq nəticələr mütləq olacaq", - deyə prezident bildirib.
Bu baxımdan, iyulun 6-da Vişnevo kəndində Rusiya hücumundan sonra sursatın anbarda partladığı və doqquz nəfərin ölümünə səbəb olduğu oxşar hadisə xatırlanıb.
Xatırladaq ki, Rusiyanın Ukraynanın Kiyev vilayətinin Buça rayonuna zərbəsi nəticəsində ölənlərin sayı 37 nəfərə çatıb.
***
15:46
Rusiyanın Ukraynanın Kiyev vilayətinin Buça rayonuna zərbəsi nəticəsində ölənlərin sayı 37 nəfərə çatıb.
Bu barədə Kiyev Vilayət Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko teleqram kanalında bildirib.
Onun sözlərinə görə, hadisə yerində zərbənin nəticələrinin aradan qaldırılması üzrə işlər davam edir.
Axtarış-xilasetmə və bərpa işləri davam etdirilir.
***
13:37
Rusiyanın Kiyev vilayətinin Buça rayonuna endirdiyi zərbə nəticəsində 27 nəfər ölüb, 42 nəfər, o cümlədən 4 uşaq xəsarət alıb.
Bu barədə Kiyev Vilayət Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko teleqram kanalında bildirib.
Onun sözlərinə görə, ölənlər arasında zərbədən sonra hadisə yerinə ilk gedənlərdən biri olan Dmitrovka icmasının rəhbəri Taras Didıç da var.

Hadisə yerində qəza-xilasetmə və yanğınsöndürmə işləri və dağıntıların təmizlənməsi tədbirləri davam edir.
Yaralanan 42 nəfərin hamısına tibbi yardım göstərilib, onlardan 7-si xəstəxanaya yerləşdirilib.
Fövqəladə hadisə zonasından 59-u uşaq olmaqla 381 nəfər təxliyə edilib.
İlkin məlumatlara görə, 50-yə yaxın yaşayış evi müxtəlif dərəcəli zərər görüb.
2 dəqiqə