Rusiya Müdafiə Nazirliyi Azərbaycana yenə hörmətsizlik etdi
İnformasiya bülletenində yer adları kimi erməni toponimlərindən istifadə olunub
Rusiya Federasiyasının Müdafiə Nazirliyi Qarabağdakı sülhməramlı kontingentin fəaliyyəti haqqında növbəti informasiya bülleteni yayıb.
Rusiya tərəfininin oktyabrın 22-də yaydığı informasiya bülletenində Azərbaycanın əvvəlllər etdiyi etiraz və xəbərdarlıqlara bu dəfə də əhəmiyyət verilməyib.
Belə ki, informasiya bülletenində yenə də “Dağlıq Qarabağ” ifadəsi ilə yanaşı, erməni toponimlərindən də istifadə edilib.
Bildirilib ki, Rusiya sülhməramlı kontingenti Qarabağ ərazisində tapşırıqları yerinə yetirməkdə davam edir.
“Bakı ilə qan tökülməsinin qarşısının alınmasına, təhlükəsizliyin təmin edilməsinə və dinc əhaliyə münasibətdə humanitar hüquq normalarına riayət olunmasına yönəlmiş davamlı qarşılıqlı fəaliyyət dəstəklənir.
Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında atəşkəs rejiminin pozulması halları qeydə alınmayıb”, - deyə rəsmi informasiyada qeyd olunub.
Daha sonra informasiya bülletenində yer adları kimi erməni toponimlərindən də istifadə olunub:
“19 sentyabr 2023-cü il tarixindən Rusiya sülhməramlılarının Əsgəran, Mardakert (Ağdərə yazılmalıdır), Martuni (Xocavənd yazılmalıdır) və Şuşa rayonlarında 8 müşahidə məntəqəsi və 16 müvəqqəti müşahidə məntəqəsi bağlanıb.
Yol boyu hərəkətin təhlükəsizliyini təmin etmək üçün 7 post, o cümlədən 5-i Azərbaycan tərəfi ilə birgə quraşdırılıb”. Sonda qeyd edilib ki, Rusiya sülhməramlılarının iştirakı ilə Qarabağın əhali məskunlaşmış ərazilərinin elektrik enerjisi və qaz təchizatının bərpası istiqamətində işlər davam etdirilir.
Göründüyü kimi, mətndə əvvəllər olduğu kimi yenə də Xocavənd əvəzinə Martuni, Ağdərə əvəzinə Mardakert ifadələrindən istifadə edilib.
Xatırladaq ki, rəsmi Bakı dəfələrlə Rusiya tərəfinə etiraz edib ki, bu informasiyalarda Azərbaycan toponimlərindən istifadə olunsun.