Rusiya sülhməramlılarından Azərbaycana qarşı təxribat
Azərbaycanın MN ardıcıl iki dəfə Rusiya sülhməramlı kontingentinin komandanlığına müraciət edib
Qarabağın dağlıq hissəsinə müvəqqəti nəzarət edən Rusiya sülhməramlı qüvvələri Azərbaycana qarşı açıq-aşkar təxribatçı mövqe sərgiləyir. Belə ki, sülhməramlılar onlara Qarabağın yaşayış məntəqələrinin Azərbaycan toponimlərinə uyğun adlı siyahı və xəritə verilməsinə baxmayaraq, rəsmi press-relizlərdə Azərbaycana məxsus əraziləri qondarma erməni adları kimi təqdim edir.
Azərbaycanın Müdafiə Nazirliyi ardıcıl iki dəfə Rusiya sülhməramlı kontingentinin komandanlığına müraciət edib. Bildirilib ki, Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində dərc olunan Rusiya Federasiyasının sülhməramlı kontingentinin rəsmi məlumatlarında yaşayış məntəqələrimizin adları uydurma erməni toponimləri ilə qeyd edilib. Diqqətə çatdırılıb ki, Rusiya Federasiyasının sülhməramlı kontingentinin 25 noyabr 2022-ci il tarixli rəsmi məlumatında patrul xidməti aparılan marşrut “Mardakert” və "Martuni" yaşayış məntəqələri istiqaməti kimi göstərilib.
"Rusiya tərəfinin diqqətinə çatdırırıq ki, məlumatda onların “Mardakert” və "Martuni" adlandırdıqları Azərbaycan yaşayış məntəqələrinin rəsmi adları uyğun olaraq Ağdərə və Xocavənddir.
Bir daha Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanlığını müvafiq məlumatlarında ölkəmizin ərazisindəki yaşayış məntəqələrinin adlarını düzgün toponimlərlə ifadə etməyə çağırırıq", - Müdafiə Nazirliyi sülhməramlılara etirazını çatdırıb.