Saatlıda I Qarabağ müharibəsinin iki şəhidi dəfn edilib
Onlar itkin düşmüş hesab olunurdular

Qalıqları aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhidlər Səfiyyə Müləzim qızı Rəhimova və Müsaddin Sədri oğlu Rəhimovun nəşi Saatlı rayonuna gətirilib.
Şəhidlərin nəşi Saatlı rayonunun Orta Muğan kəndində ailələrinə təhvil verilib.
Qeyd edək ki, Səfiyyə Müləzim qızı Rəhimova 1936-cı il iyunun 1-də, Müsaddin Sədri oğlu Rəhimov isə 1963-cü il iyunun 1-də anadan olub. Onlar 1993-cü il oktyabrın 23-də Füzuli rayonunun Horadiz qəsəbəsində itkin düşüblər.
Ana-oğul S.Rəhimova və M.Rəhimov Orta Muğan kənd qəbiristanlığında dəfn olunub.
Qeyd edək ki, Rəhimovlar ailəsindən 4 nəfər - 1933-cü il təvəllüdlü Rəhimov Sədri Rəhim oğlu və həyat yoldaşı Rəhimova Səfiyyə Müləzim qızı, həmçinin iki övladı - 1963-cü il təvəllüdü Rəhimov Müsaddin Sədri oğlu və 1984-cü il təvəllüdlü Rəhimov Vaqif Sədri oğlu 1993-cü il oktyabrın 22-də Zəngilanda hərbi xidmətdə olan Rəhimov Fəhlul Sədri oğlu ilə görüşə gediblər. Onlar oktyabrın 23-də geri qayıdarkən Füzuli rayonunun Horadiz qəsəbəsində erməni hərbçilərinin hücumuna məruz qalıblar və həmin gündən itkin düşüblər. Ailənin xidmətdə olan digər üzvü Rəhimov Fəhlul Sədri oğlu da döyüşlərdə itkin düşüb və beş nəfərdən heç bir məlumat olmayıb.