BLOQ

Sabah Bakıda WUF13 başlayır

WUF13-ün Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq urbanizasiya proseslərində artan rolunun göstəricisi hesab edilir

Sabah Bakıda WUF13 başlayır
  • Oxuma müddəti:

    12 dəqiqə

  • Sabah, mayın 17-də Bakıda dünyanın ən nüfuzlu şəhərsalma platformalarından biri olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) başlayır. WUF13 BMT-nin Məskunlaşma Proqramı və Azərbaycan Hökuməti tərəfindən birgə təşkil olunur. Mayın 22-də başa çatacaq sessiya “Hər kəs üçün yaşayış yerləri: Təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunub.

    Forum yalnız urbanistika və memarlıq sahəsinin deyil, həm də sosial inkişaf, iqtisadi transformasiya, iqlim dəyişiklikləri və insan rifahı ilə bağlı qlobal məsələlərin müzakirə edildiyi ən böyük beynəlxalq platformalardan biri hesab olunur.

    BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən təsis edilən beynəlxalq platforma müasir çağırışlara beynəlxalq həll yollarının tapılması məqsədi daşıyır. Həmçinin müxtəlif ölkələrin hökumətlərini, şəhər rəhbərlərini, alimləri, memarları, investorları, biznes nümayəndələrini və vətəndaş cəmiyyətini bir araya gətirərək qlobal urbanizasiya siyasətinin formalaşmasında mühüm rol oynayır.

    WUF13-ün Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq urbanizasiya proseslərində artan rolunun göstəricisi hesab edilir. Bu qərar ölkənin beynəlxalq əməkdaşlığa verdiyi töhfənin, etibarlı tərəfdaş kimi qazandığı nüfuzun və müasir şəhərsalma siyasətinin yüksək qiymətləndirilməsidir. WUF13-ə 180 ölkədən 32 mindən çox iştirakçı qeydiyyatdan keçib ki, bu da artıq WUF tarixində rekord göstəricidir. 

    Forumun keçiriləcəyi məkan Bakı Olimpiya Stadionunu və onun ətrafında formalaşdırılan ümumi əməliyyat əhatə dairəsi üzrə 53 hektar təşkil edir. Tədbir məkanında plenar zallar, sərgi sahələri, media mərkəzləri və innovasiya zonaları yaradılıb. Açılış və bağlanış mərasimlərinin təşkil ediləcəyi tədbir zalı 6 min nəfərə qədər iştirakçını qəbul edə biləcək. Mövcud hazırlıq səviyyəsi forumun yüksək iştirakçı axınını, çoxsaylı paralel tədbirləri və beynəlxalq nümayəndə heyətlərinin qəbullarını uyğun şəkildə planlaşdırmağa imkan verir. Forumun əsas müzakirə və paralel tədbirlərinin olacağı iclas zalları, tematik sessiyalar, BMT tədbirləri, paralel görüşlər və ikitərəfli danışıqlar üçün nəzərdə tutulub. Burada müxtəlif formatlı rəsmi və işgüzar görüşlərin eyni vaxtda keçirilməsi üçün şərait var. Forum zamanı gündə təxminən 300-ə qədər paralel sessiya, görüş və tədbirin keçirilməsi planlaşdırılır. Həmçinin məkanda “Media mərkəzi” ilə yanaşı, “Dəyirmi masa”, “Xüsusi sessiya” və “Dialoq zalları” yerləşir. “Media mərkəzi”ndə iş sahəsi, canlı yayım və müsahibə otaqları, mətbuat konfransı zalı, TV studiyaları və media istirahət sahəsi mövcuddur. Ərazidə istirahət zonası da yaradılıb. Belə ki, zonanın ümumi vizual və memarlıq yanaşmasında İçərişəhərdən ilhamlanan elementlərdən və Azərbaycan xalçaçılığına aid ornamentlərdən istifadə edilib. Forum iştirakçıları üçün açıq hava formatında WUF13 Bulvarı da mövcuddur. Bu sahə iştirakçıların sərbəst hərəkəti, istirahəti, iaşə xidmətlərindən istifadəsi və tədbir məkanında şəhər mühiti ab-havasını hiss etməsi üçün nəzərdə tutulub. Bulvar ərazisi “Expo zonası”na keçid və açıq ictimai məkan funksiyasını daşıyır. “Urban Expo zonası”nda isə ölkə pavilyonları, beynəlxalq təşkilatlar, dövlət qurumları, yerli və regional hakimiyyət orqanları, özəl sektor, qeyri-hökumət təşkilatları, fondlar, təhsil və tədqiqat qurumları üçün sərgi sahələri yerləşir. Ümumilikdə, 121 pavilyon, o cümlədən 41 ölkə pavilyonu nəzərdə tutulub. Tədbirin fasiləsiz internet, yayım və rəqəmsal əməliyyat ehtiyaclarını təmin etmək üçün əsas və ehtiyat məlumat mərkəzləri, genişmiqyaslı fiber-optik və daxili şəbəkə infrastrukturu, simsiz şəbəkə avadanlıqları və fasiləsiz işləyəcək əməliyyat mərkəzi yaradılıb.

    Nəqliyyat terminalı və parklanma-transfer funksiyalarını əhatə edən əlavə 10 hektarlıq zona ümumi əməliyyat ərazisinə inteqrasiya edilib. Burada avtobus, taksi xidmətləri, parklanma və iştirakçıların məkana yönləndirilməsi proseslərinin idarə olunması icra ediləcək. Şəhər üzrə nəqliyyat mübadilə mərkəzləri, elektrik avtobusları, taksi xidməti və hava limanı daşımaları tədbirin ümumi nəqliyyat planına inteqrasiya olunub. 

    Forumun əsas mövzusu isə qlobal mənzil çağırışlarıdır. Dünyada milyonlarla insanın təhlükəsiz və münasib yaşayış yerlərinə çıxış imkanının məhdud olması urbanizasiya prosesinin ən ciddi problemlərindən biri hesab edilir. WUF13 bu məsələyə xüsusi diqqət ayıraraq mənzil təminatını sosial inklüzivliyin, iqtisadi inkişafın və dayanıqlı şəhərlərin əsas elementi kimi təqdim edir. Tədbirdə iqlim dəyişikliklərinin şəhərlərə təsiri, ekoloji risklərə davamlı urban infrastruktur, yaşıl enerji həlləri, smart-city texnologiyaları və rəqəmsal şəhər idarəçiliyi kimi mövzular da geniş müzakirə olunacaq. Belə ki, WUF13-ün proqramı artıq ictimaiyyətə təqdim olunub. Forum çərçivəsində yüksəksəviyyəli plenar sessiyalar, beynəlxalq konfranslar, sərgilər, biznes görüşləri və innovasiya platformaları təşkil ediləcək. Qlobal müzakirələrin istiqamətini müəyyən edən yüksəksəviyyəli dialoqlar WUF13 proqramının əsasıdır. Bu dialoqlar çərçivəsində mənzil təminatının inklüzivlik, davamlılıq və şəhər sistemləri ilə əlaqəsi araşdırılacaq. Bununla yanaşı, dialoqların hər biri mənzil təminatının mühüm aspektlərini müzakirəyə çıxaracaq. Xüsusi sessiyalar çərçivəsində iqlimə uyğunlaşma, mənzil təminatı, qeyri-rəsmi yaşayış əraziləri, şəhərlərin yenilənməsi, rəqəmsallaşma, maliyyələşdirmə mexanizmləri və inklüziv şəhər inkişafı kimi mövzular diqqət mərkəzindədir. Assambleyalar isə müxtəlif həmfikir qrupların bir araya gəlməsi və öz rolları barədə fikir bildirməsi, eləcə də qlobal şəhərsalma gündəliyi çərçivəsində ortaq prioritetləri ifadə etməsi üçün xüsusi platformalar yaradır. Assambleyalar əsas şəhərsalma məsələləri ətrafında fikir mübadiləsi aparmaq üçün yerli və regional hökumətlərin, yerli səviyyədə fəaliyyət göstərən və icma əsaslı təşkilatların, habelə qadınlar, gənclər, biznes dairələri və sənaye sahələrinin təmsilçilərini, o cümlədən parlament nümayəndələrini bir araya gətirəcək. Forumda, həmçinin ilk dəfə olaraq Biznes və İnnovasiya Mərkəzi yaradılıb. Bu yeni platforma urbanizasiya və mənzil təminatı sahəsində innovativ yanaşmaların təşviqinə xidmət edəcək. Burada müxtəlif ölkələrdən şirkətlər, startaplar, investorlar və texnologiya nümayəndələri iştirak edərək yeni layihələrini təqdim edəcəklər. Məqsəd şəhərsalma sahəsində dövlət və özəl sektor əməkdaşlığını genişləndirmək, innovativ texnologiyaların tətbiqini sürətləndirmək və urban inkişaf üçün yeni maliyyə imkanları yaratmaqdır.

    WUF13 çərçivəsində fəaliyyət göstərəcək Startup Pavilion isə gənc innovatorlar və urban-tech layihələri üçün xüsusi beynəlxalq platforma olacaq. Burada müxtəlif ölkələrdən seçilmiş startaplar ağıllı şəhər texnologiyaları, yaşıl enerji, rəqəmsal idarəetmə və müasir yaşayış həlləri ilə bağlı layihələrini təqdim edəcəklər. Bu təşəbbüs urbanizasiya sahəsində yeni ideyaların beynəlxalq səviyyədə tanıdılması və investorlarla əlaqələrin qurulması baxımından mühüm əhəmiyyət daşıyır. 

    Azərbaycan WUF13-də müasir urbanizasiya, dayanıqlı inkişaf və postmünaqişə dövründə şəhərsalma təcrübəsini beynəlxalq platformada təqdim edən ölkələrdən biri kimi çıxış edir. Bu çərçivədə Azərbaycan öz inkişaf modelini nümunə kimi nümayiş etdirir. Forum ölkənin şəhərsalma sahəsində son illərdə həyata keçirdiyi layihələrin beynəlxalq ictimaiyyətə təqdim olunması baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan nümunəsinin əsas istiqamətlərindən biri Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən “ağıllı şəhər” və “ağıllı kənd” layihələridir. İşğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma prosesi yalnız yaşayış məntəqələrinin bərpasını deyil, eyni zamanda müasir texnologiyaların tətbiq olunduğu, ekoloji baxımdan dayanıqlı və rəqəmsal idarəetmə sistemlərinə malik urban məkanların qurulmasını nəzərdə tutur. Bu layihələrdə alternativ enerji mənbələrinin istifadəsi, “ağıllı” nəqliyyat sistemləri, rəqəmsal xidmətlər və yaşıl memarlıq prinsipləri xüsusi yer tutur. WUF13-də Azərbaycanın təqdim etdiyi digər mühüm istiqamət yaşıl inkişaf siyasətidir. COP29-a ev sahibliyi etmiş ölkə kimi Azərbaycan urbanizasiya prosesində ekoloji balansın qorunmasını prioritet hesab edir. Şəhərlərdə karbon emissiyalarının azaldılması, yaşıl enerji layihələrinin genişləndirilməsi, elektrik nəqliyyat vasitələrinin təşviqi və ekoloji infrastrukturun qurulması forum çərçivəsində diqqətə çatdırılır. Bu yanaşma şəhərlərin yalnız iqtisadi deyil, həm də ekoloji baxımdan dayanıqlı inkişafını təmin etməyə yönəlib.

    Bakının timsalında tarixi irslə müasir memarlığın vəhdəti də Azərbaycan nümunəsinin vacib hissəsidir. Şəhərdə qədim İçərişəhər kompleksi ilə yanaşı, müasir memarlıq nümunələri olan Alov Qüllələri və Heydər Əliyev Mərkəzi urban inkişafın harmonik modeli kimi göstərilir. Bu yanaşma milli-mədəni irsin qorunması ilə müasir şəhərsalmanın bir arada inkişaf etdirilməsinin mümkün olduğunu nümayiş etdirir.

    WUF13 çərçivəsində iştirakçılar üçün təşkil olunacaq mədəni turlar isə şəhərsalma, mədəni irs və regional inkişaf kimi anlayışları canlı mühitdə nümayiş etdirmək məqsədi daşıyır. Bu baxımdan turlar Forumun nəzəri müzakirələrini tamamlayan praktik platforma rolunu oynayır və iştirakçılara real məkan təcrübəsi yaşadır. Bakı və Abşeronla yanaşı Quba, Şamaxı, Şəki, Qəbələ və Lənkəran kimi bölgələrin seçilməsi onların həm tarixi, həm də sosial-iqtisadi potensialı ilə əlaqədardır. Bu yanaşma Azərbaycanın özünü beynəlxalq arenada təqdim etmə strategiyasının bir hissəsidir və ölkənin kompleks kimliyini göstərməyə xidmət edir.

    Forum çərçivəsində inklüzivlik məsələlərinə də xüsusi diqqət yetirilir. Azərbaycanda şəhər infrastrukturlarının əlilliyi olan şəxslər üçün uyğunlaşdırılması, ictimai nəqliyyatda əlçatanlıq imkanlarının genişləndirilməsi və rəqəmsal xidmətlərin hamı üçün istifadəyə uyğunlaşdırılması urban siyasətin əsas istiqamətlərindən biri kimi təqdim olunur. Bu, şəhərlərin bütün sosial qruplar üçün təhlükəsiz və rahat yaşayış məkanına çevrilməsi məqsədini əks etdirir.

    Beləliklə, WUF13-də Azərbaycan nümunəsi müasir texnologiyaların tətbiqi, yaşıl inkişaf strategiyası, postmünaqişə bərpa modeli və inklüziv şəhərsalma prinsiplərinin birləşdiyi kompleks urban inkişaf modeli kimi təqdim edilir.