Sabah İsrail və HƏMAS Misirdə danışıqlara başlayacaq
Bu barədə İsrail mediası rəsmi mənbələrə istinadən məlumat yayıb

İsrail və HƏMAS ABŞ-ın vasitəçiliyi ilə sabah Misirdə danışıqlar aparacaq.
Bu barədə İsrail mediası rəsmi mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, İsrail nümayəndə heyətinə Strateji Planlaşdırma naziri Ron Dermer rəhbərlik edəcək.
ABŞ tərəfindən isə görüşdə Prezident Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff iştirak edəcək. Ehtimal olunur ki, Prezidentin keçmiş müşaviri Cared Kuşner də danışıqlara qatılacaq.
HƏMAS bəyan edib ki, bütün israilli girovları azad etməyə və Qəzza zolağının idarəsini müstəqil bir quruma təhvil verməyə hazırdır, həmçinin vasitəçilər vasitəsilə dərhal danışıqlara başlamağa razıdır.
Danışıqların mövzusu Donald Trampın təklif etdiyi sülh planının həyata keçirilməsi olacaq.