Yaşar Əliyev əsir əsgərlərimiz barədə Quterreşə məktub yazıb
Ermənistan Azərbaycan Ordusunun hərbçiləri Aqşin Bəbirov və Hüseyn Axundovu əsir saxlayır
"BMT-nin Baş katibi Antonio Quterreş Ermənistanın beynəlxalq hüququ pozaraq Azərbaycan Ordusunun hərbçiləri Aqşin Bəbirov və Hüseyn Axundovu saxladığı barədə məlumat verilib".
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev A.Quterreşə məktubunda əsir düşən əsgərlərin probleminə toxunub.
Diplomat bəyan edib ki, Ermənistan mətbuatının yaydığı kadrlarda hər iki əsgərin əli qandallı vəhşicəsinə döyülməsi əks olunub.
"Müvafiq beynəlxalq öhdəliklərinə uyğun olaraq, Ermənistan hərbi qulluqçularımızı dərhal azad etməli, onlara qarşı qeyri-insani və ləyaqəti alçaldan rəftara görə məsuliyyət daşıyanları lazımi qaydada araşdırmalı və cəzalandırmalıdır", - Azərbaycan nümayəndəsi vurğulayıb.
Azərbaycanın daimi nümayəndəsinin baş katibə ünvanladığı məktub BMT sənədi kimi yayılıb.