“SAHA Expo 2026”da yeni texnologiyaların nümayişi
120-dən çox ölkədən minlərlə peşəkarın qatıldığı sərgidə 203 yeni məhsul ilk dəfə təqdim olunur
Türkiyənin İstanbul şəhərində keçirilən “SAHA Expo 2026” Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisində üçüncü gün ziyarətçilərin böyük marağı ilə davam edir.
120-dən çox ölkədən minlərlə peşəkarın qatıldığı sərgidə 203 yeni məhsul ilk dəfə təqdim olunur.
Türkiyə “SAHA 2026”da aparıcı müdafiə sənayesi şirkətləri olan “Baykar”, “Aselsan”, “Roketsan”, Müdafiə Texnologiyaları Mühəndislik və Ticarət Səhmdar Cəmiyyəti (STM) və Müdafiə Sənayesinin İnkişafı və Dəstəklənməsi Baş İdarəsi (FNSS) ən yeni texnologiyalarını nümayiş etdirir.
“Baykar” şirkətinə məxsus “MIZRAK”, “K2” və “Sivrisinek” hərbi hava texnikaları sərgidə ilk dəfə nümayiş olunur.
“Aselsan” şirkəti isə 5 yeni məhsul və 6 modernləşdirilmiş sistemini sərgiləyir. “Roketsan” şirkəri və FNSS əməkdaşlığı ilə hazırlanan “ALKA-KAPLAN HİBRİD” yönləndirilmiş enerji silah sistemini, STM isə müasir döyüş ehtiyaclarına uyğun yeni hava və dəniz platformalarını sərgiyə təqdim edib.
Tədbir çərçivəsində Türkiyənin yerli pilotsuz dəniz vasitələri, eləcə də ölkənin Hərbi Dəniz Donanmasına məxsus gəmilər İstanbul sahillərində ziyarətçilərə nümayiş etdirilir.
Ümumilikdə 140-dan çox rəsmi nümayəndə heyətinin iştirak etdiyi “SAHA 2026” mayın 9-da “Xalq günü” çərçivəsində ictimaiyyət üçün açıq olacaq.
400 min kvadratmetrlik ərazidə təşkil edilən tədbirdə 263-ü xarici olmaqla, 1700-dən çox şirkət iştirak edir. Sərgi çərçivəsində ümumilikdə 164 imza mərasiminin keçirilməsi planlaşdırılır və ixrac müqavilələrinin həcminin ən azı 8 milyard ABŞ dollarına çatdırılması hədəflənir.
Qeyd edək ki, tədbirin ilk iki günü Türkiyə ilə fərqli ölkələr arasında radar sistemləri, kamikadze İHA-lar, İHA sistemləri üçün kameraların və “KAAN” beşinci nəsil hərbi təyyarə tədarükü, “Kızılelma” pilotsuz təyyarəsinin inteqrasiyası da daxil olmaqla ümumilikdə 20 müqavilə imzalanıb.
Xatırladaq ki, Azərbaycan “SAHA Expo 2026” sərgisində Müdafiə və Müdafiə Sənayesi nazirliklərinin rəhbərliyi səviyyəsində təmsil olunur.
Tədbir davam edir.
2 dəqiqə