Sudanlı hərbi birləşmələr prezident sarayını ələ keçirib
Çevik Dəstək Qüvvələr açıq-aşkar hərbi çevrilişə cəhd edirlər. Ordu ilə toqquşmalar gedir
Sudanın xüsusi təyinatlı Çevik Dəstək Qüvvələri (ÇDQ) bildirib ki, onlar ordu ilə toqquşmalar zamanı şənbə günü açıq-aşkar çevriliş cəhdində prezident sarayı, ordu rəisinin iqamətgahı və Xartum beynəlxalq hava limanına nəzarəti ələ keçiriblər.
Ordunu ilk hücumda günahlandıran ÇDQ, həmçinin ölkənin şimalındakı Merove şəhərində və qərbdə El-Obeiddəki hava limanlarını ələ keçirdiklərini bildirib.
Ordudan verilən məlumata görə, Sudan hava qüvvələri ÇDQ-yə qarşı əməliyyatlar aparır. Teleradio yayımçılarının görüntüləri Xartumun üzərində səmada hərbi təyyarənin olduğunu göstərsə də, "Reuters" bu materialı müstəqil şəkildə təsdiq edə bilməyib.
Xartumun bir neçə yerində atışma səsləri eşidilib və şahidlər qonşu şəhərlərdə atışma olduğunu bildiriblər.
"Reuters" agentliyinin jurnalisti küçələrdə top və zirehli texnikanın yerləşdirildiyini görüb, həm ordunun, həm də ÇDQ-nin qərargahı yaxınlığında ağır silahlardan atəş səsləri eşidib.
Həkimlər yaşayış məhəllələrində qarşıdurmaların baş verdiyini və mülki şəxslərin xəsarət aldığını bildiriblər.
Ordu şahidlərə istinadən ölkənin bir çox bölgələrində güclü atışmaların olması barədə məlumat verdikdən sonra CDQ-nin bir neçə mövqedə öz qoşunlarına hücum etməyə çalışdığını və bunun da genişmiqyaslı qarşıdurma qorxusunu artırdığını bildirib.