Sahibə Qafarova BMT-də ermənilərin ekoterrorundan danışıb
MM sədri BMT-nin yüksək səviyyəli iclasında Ermənistanın ekoloji terroru barədə geniş məlumat verib
Milli Məclisin sədri Sahibə Qafarova Nyu-Yorka işgüzar səfəri çərçivəsində Birləşmiş Millətlər Təşkilatının (BMT) “Sıfır tullantıların həllində transformasiya həlli kimi rolu” mövzusunda keçirilən yüksək səviyyəli iclasında iştirak edib.
Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, yüksək səviyyəli görüş Türkiyənin birinci xanımı Əminə Ərdoğanın irəli sürdüyü “sıfır emissiya” təşəbbüsü əsasında BMT Baş Assambleyasının qəbul etdiyi qətnaməyə həsr olunub.
Milli Məclisin sədri çıxışında qeyd edib ki, indiki və gələcək nəsillər naminə ətraf mühiti qorumaq bütün dövlətlərin mənəvi-hüquqi öhdəliyidir. Amma təəssüf ki, heç də bütün ölkələr bu öhdəliklərə əməl etmir. O qeyd edib ki, Ermənistan 30 ildir işğal altında olan Azərbaycan ərazilərində ekoloji terror həyata keçirib.
Ermənilər meşələri və qoruqları dağıdıb, Azərbaycanın təbii sərvətlərini qanunsuz istismar edib, torpaqları və çayları, o cümlədən Azərbaycan ərazisindən axan transsərhəd çayları çirkləndiriblər.