Şahramanyan “Artsax”ın buraxılması qərarını yenə ləğv edib
Surətini Paşinyana yollayıb
Qarabağdan qovulmuş separatçıların sonuncu başçısı Samvel Şahramanyan qondarma “Artsax”ın buraxılması haqqında özünün 28 sentyabr 2023-cü il tarixli “fərman”ını ləğv edib.
“Hraparak”ın məlumatına görə, Samvel Şahramanyan sözügedən “fərman”ın ləğvi barədə “qərar”ı 2023-cü il dekabrın 10-da imzalayııb və bir nüsxəsini Ermənistanın baş naziri Nikol Paşinyana göndərib.
Nəşrin yazdığına görə, Samvel Şahramanyan Ermənistan hakimiyyətinin təhdidlərini nəzərə alaraq, həmin “qərar”ı hələ ictimaiyyətə açıqlamayıb. “Şahramanyan hələlik susqunluğu və siyasi passivliyi qoruyub saxlamaq qərarına gəlib”, - “Hraparak” yazıb.
Xatırladaq ki, özünü buraxdığını elan edən “Artsax”ın sonuncu başçısı Samvel Şahramanyanın 28 sentyabr 2023-cü il tarixli "fərman"ında deyilir:
“1. 2024-cü il yanvarın 1-dək “Artsax respublikası”nın tabeliyində olan bütün dövlət qurumları və təşkilatları ləğv edilsin və “artsax respublikası”nın mövcudluğu dayandırılsın;
2. Qarabağın erməni əhalisi, o cümlədən “respublikadan” kənarda yerləşən əhali bu “fərman” qüvvəyə mindikdən sonra gələcəkdə Qarabağda qalma (qayıtmaq) mümkünlüyü haqqında müstəqil və fərdi qərar qəbul etmək məqsədi ilə Azərbaycan Respublikasının təqdim etdiyi reinteqrasiya şərtləri ilə tanış olsunlar.
Bu fərman dərc edildikdən dərhal sonra qüvvəyə minir”.
Rəsmi İrəvan artıq Samvel Şahramanyana qeyri-ciddi fiqur kimi yanaşır, onun "hərəkətlər"inə ciddi reaksiya vermir.