Şahramanyan Qarabağı necə tərk edib?
Özünü buraxmış qondarma “Dağlıq Qarabağ” separatçılarının sonuncu başçısı Samvel Şahramanyan Qarabağı necə tərk etməsindən danışıb
S. Şahramanyan deyib ki, o, Rusiya sülhməramlı kontingentinə məxsus vertolyotla Qarabağı tərk edib.
Şahramanyan bildirib ki, ondan əvvəl qondarma “Artsax”ın “keçmiş prezidentləri” Arkadi Qukasyan, Bako Saakyan və Arayik Arutyunyanın da helikopterlə Ermənistana getməsi üçün danışıqlar aparılıb, lakin Azərbaycan tərəfi buna razı olmayıb.
Üstəlik, həmin vaxt Laçın yolundakı sərhəd-buraxılış məntəqəsini keçməyə çalışan qondarma “Artsaxın daxili işlər naziri” Karen Sarkisyan və “təhlükəsizlik şurasının katibi” Ararat Melkumyan da saxlanılıb.
Sonuncu iki nəfər “Artsaxın keçmiş prezidentləri” təslim olandan sonra buraxılıblar.
Arkadi Qukasyan, Bako Saakyan və Arayik Arutyunyanın həbs olunmasına gəlincə, Şahramanyan Azərbaycanın niyə bunu etdiyinə izah verə bilmədiyini deyib.
Azərbaycan tərəfinin Şahramanyanın Qarabağı tərk etməsinə mane olmamasına gəlincə, Ermənistanın “Hraparak” nəşri yazıb ki, o, rəsmi Bakı üçün “keçmiş prezident” kimi hər hansı bir məna daşımayıb.