
Aprel və may aylarında dünya miqyasında kiçik, lakin regionun strateji əhəmiyyətli dövləti - Azərbaycan gözlənilməz diplomatik fəallıqla dünyanın diqqət mərkəzinə çevrildi. İran Prezidenti Məsud Pezeşkian Bakıya səfər etdi, ardınca İsrailin Baş naziri Benyamin Netanyahunun və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan səfərləri təsdiqləndi. Bu paralel diplomatik “gediş-gəliş” müxtəlif və hətta bir-birinə düşmən olan ölkələrin liderlərini Bakıya çəkən səbəblər İlham Əliyevin artan regional çəkisini anlamağa ciddi əsas verir. Regionda nə baş verdiyini soruşanlar az deyil. Cavab çoxşaxəlidir, lakin yalnız dərindən maraqlananlar bu dinamikanı tam anlamış olur.
Diplomatiyanın yeni xəritəsi: Bakı
Azərbaycan artıq təkcə enerji ixracatçısı və Qarabağ müharibəsinin qalibi kimi deyil, həm də geosiyasi moderator kimi çıxış etməyə başlayır. İlham Əliyevin Çinə etdiyi səfər və orada Sədr Si Cinpin tərəfindən yüksək səviyyədə qəbul edilməsi bu dinamikanın başlanğıcı idi. Pekində imzalanan iqtisadi və nəqliyyat sahəsindəki razılaşmalar və siyasi görüşlər Azərbaycanın "Orta Dəhliz"dəki rolunu bütün dünyaya göstərməklə mövqelərini möhkəmləndirdi. Lakin bu səfər həm də bir siqnal idi — Azərbaycan artıq yalnız Qərblə və ya Rusiya ilə deyil, Çin kimi qlobal supergüclə də balanslı münasibət qurmağa qadirdir.
İran Prezidentinin səfəri: körpülərin bərpası, yoxsa son şans?
Məsud Pezeşkianın son Bakı səfəri iki ölkə arasında bir neçə il davam edən diplomatik gərginlikdən sonra baş verdi. Tehranın narahatlığına səbəb olan faktorlar — Türkiyə-Azərbaycan müttəfiqliyi, İsrailin Azərbaycandakı nüfuzu, Zəngəzur dəhlizinə dair narazılıqlar və sərhəddəki təhlükəsizlik məsələləri idi. Pezeşkianın Bakıya gəlişi Tehran tərəfindən ikitərəfli münasibətləri itirməmək üçün atılmış praqmatik addım kimi oxunur.
2023-cü ildə Azərbaycan səfirliyinə hücum edən şəxsin edam barədə məhkəmə qərarı hər nə qədər münasibətləri yumşaltmağa xidmət etsə də, sərhəddə İran qoşunlarının toplandığı, İRİ-nin hədələyici “nota”ları Şimali Azərbaycanın hələ də yaddaşının üst rəfindədir. Buna baxmayaraq, İran irəli sıçrayan "Azərbaycan "paravozu"nda yer almaq, sürətlə dəyişən regional proseslərin kənarında qalmamaq üçün Bakının təşəbbüslərində yer almağa can atır. Zəngəzur dəhlizi layihəsinin artıq ən azı öz maraqlarına toxunmamasına zəmanət almaq və regional layihələrdə iştirakını təmin etmək bu gün “Əl-Kəhf yuxusundan” ayılmaqda olan İran siyasətinin prioritetləridir. Başlıca prioritet isə İsrailin Azərbaycan ərazisindəki nüfuzunun artmasının qarşısını almaqdır. İstəklər çoxdur – bəs bunun müqabilində İran nə etməyə hazırdır?
İsrailin marağı: enerji, təhlükəsizlik və İran
Düzdür, Azərbaycan-İsrail münasibətləri həmişə İrana qarşı dolaylı balans rolu oynayıb. Netanyahunun Bakıya mümkün səfəri, ilk növbədə İranın son vaxtlar hərbi fəallığı və Azərbaycanın İranla münasibətlərində yaşanan gərginliklər, sonra isə istiləşmə fonunda atılmış strateji bir cavab addımıdır. İsrail üçün Azərbaycan həm enerji tərəfdaşı, həm də təhlükəsizlik əməkdaşlığı baxımından mühümdür. Azərbaycanın İranla sərhədi boyunca yerləşən strateji mövqeyi İsrailin diqqətini daha da artırır.
2016-cı ildə Netanyahunun Bakıya səfəri zamanı İlham Əliyev bildirmişdi ki, iki ölkə arasında 5 milyard dollar dəyərində “müdafiə avadanlığı”nın alınmasına dair müqavilələr imzalanıb. İsrail hərbi topoqrafları regionun elektron, GPS-lə dəqiq idarə olunan xəritəsini yaradıb və bunun vasitəsi ilə artıq bütün hərbi texnikanın taktiki hərəkətləri yüksək səviyyədə dəqiq və mükəmməl olub. Artıq çoxfunksiyalı "Searcher", "Heron", "Sky-Striker", "Hermes" dronları, dənizdə və quruda ağır texnikaya qarşı yüksək qırıcı dəqiqliyə malik "Spaik", "Lakhat" və "Lora" raket sistemləri, "Atmos", "Cardon", "Barak" və digər müasir artilleriya qurğularının hədəfseçmə və onları məhvetmə qabliyyəti ən müasir səviyyədədir. Bundan əlavə, İsrail Azərbaycanın hərbi müdafiə sənayesi ilə birlikdə bir sıra müasir hərbi texnikanın, o cümlədən "Orbiter" dronları, Rusiya istehsalı olan köhnə T-72 tankların yeni qoruyucu vasitələri, həmçinin sürətli və dəqiq hədəf əldə etmək və atəşə nəzarət sistemlərinin istehsalı və təchizatını həyata keçirib. İsrail tərəfindən təqdim olunan texnologiyalar Azərbaycanın hərbi qabiliyyətlərini artırmaqla yanaşı, onun regional çəkisini də böyütdü və ən əsası, torpaqlarını azad etməyə ciddi dəstək oldu.
Bu gün İsrailin idxal etdiyi neftin təxminən yarısının çox sərfəli qiymətlə Azərbaycandan gəldiyi təxmin edilir. Bu yanacaq Bakı-Tbilisi-Ceyhan borusu ilə nəql edilir və münasibətlərin daim isti qalması, borcların tam ödənilməsi və hər iki tərəfin bərabər partnyor kimi qalmasına şəraiti yaradır.
Türkiyə: Arkadaşlıqdan strateji ittifaqa
Ərdoğanın Azərbaycana səfəri təsadüfi deyil. Türkiyə və Azərbaycanın "Bir millət, iki dövlət" konsepsiyası artıq konkret siyasi və iqtisadi platformaya çevrilib. Şuşa Bəyannaməsi və Zəngəzur dəhlizinə dair ortaq maraqlar iki ölkənin əlaqələrini NATO çərçivəsində də koordinasiya etməyə imkan verir.
Ərdoğanın səfəri həm də Qərbə mesajdır: Ankara və Bakı bölgənin təhlükəsizlik arxitekturasında həlledici rola iddialıdır. Bu gün artıq Türkiyə də Azərbaycanı “kiçik arkadaş” yox, eynihüquqlu strateji müttəfiq kimi qəbul edir. Bu sahədə Azərbaycanın regiondakı proseslərdə sərbəst mövqe nümayiş etdirməsi, bir sıra hallarda Ankaranın diplomatik maraqlarını önə çıxarması, enerji daşıcıyalırı sahəsində görünməmiş münasib qiymətlər təqdim etməsi, Türkiyənin bir sıra humanitar layihələrdə təmənnasız iştirakı bu münasibətləri daha da gücləndirib.
Ərdoğanın Bakıya səfəri həm də İran və İsrail fonunda Türkiyə-Azərbaycan tandeminin güc nümayişidir desək, məncə, yanılmarıq.
Rusiya haradadır?
Moskvanın bu diplomatik gedişatda səssiz görünməsi diqqətçəkicidir. Əslində, bu, taktiki səssizlik ola bilər. Rusiya Ukrayna müharibəsi fonunda regional təsir imkanlarını itirməməyə çalışsa da, Bakı üzərindəki təsiri azalıb. Bunu 2023-cü ildən etibarən Rusiya mətbuatında Azərbaycanın müstəqil xarici siyasəti ilə bağlı artan tənqidlər və Moskvanın bölgədə diplomatik təşəbbüslərdə iştirak etməməsi də təsdiqləyir. Moskva Azərbaycanın balanslı siyasətini tam dəstəkləməsə də, sabah “Əhməd haradadır?” sualı qarşısında acız qalmamaq üçün onu açıq qarşısına almaq istəmir.
Lakin nəzərə almaq lazımdır ki, hələ də regionda Rusiyasız yeni siyasi sistemin qurulması mümkün deyil. Rusiya üçün Ermənistan artıq əsas deyil – əvəzində regionda sabitlik və dialoqa meyilli olan Azərbaycan daha real tərəfdaş kimi görünür. Tarixi dinamika dəyişir – bu dəfə isə bölgədə sabitlik, enerji təhlükəsizliyi və yeni nəqliyyat marşrutlarının formalaşdırılması kimi daha rasional və uzunmüddətli maraqlarla.
İlham Əliyevin strategiyası: balans oyunu və sülh diplomatiyası
Azərbaycan Prezidenti İlham Əliyev bu dinamikanı ustalıqla idarə edir. Məsələn, Çinlə "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində əməkdaşlıq, Avropa İttifaqı ilə enerji sahəsində razılaşmalar və Ermənistanla sülh prosesində konstruktiv mövqe bunun əyani sübutudur. O, Çin, Rusiya, Qərb, Türkiyə və İran kimi fərqli blokların maraqlarını qarşılaşdırmadan, paralel şəkildə dialoq aparır. Bu, klassik balans siyasətidir. Bununla yanaşı, Azərbaycan Ermənistanla sülh gündəmini də önə çıxarır — bu isə həm Qərbin, həm də regiondakı güclərin dəstəyini qazanmaq üçün əsas vasitəyə çevrilir.
İlham Əliyevin illərlə apardığı "Heç kimlə münasibətləri korlamamaq" və "Bizə bir yaxşılıq edənə 10 yaxşılıq" siyasəti artıq bəhrəsini verir. Bu gün, “arxadan vurulan “öpüş”lə dəyərlərin tez dəyişdiyi beynəlxalq münasibətlər sistemində İlham Əliyev kimi sabit, ardıcıl və strateji liderlik nümunəsi ciddi oyunçulara həddindən artıq vacibdir.
Yekun: Yeni Cənubi Qafqaz arxitekturası?
Regionda yeni təhlükəsizlik və iqtisadi düzən qurulur. Azərbaycan bu düzənin mərkəzində yerləşir və artıq daha çox oyunçunun diqqətini cəlb edir. Bu geosiyasi fəallıq sadəcə protokol səfərlər deyil — bu, gələcək onilliyin xəritəsinin çəkilməsidir. Azərbaycanın mövqeyi isə artıq yalnız torpaqları üzərində deyil, yaratdığı diplomatik körpülər üzərində də formalaşır.
Yaxın illərdə Bakı Avropa ilə Çin arasında Orta Dəhlizin strateji mərkəzi, İranla İsrail arasında gizli diplomatiya meydanı və Türkiyə ilə Orta Asiya arasında siyasi rabitə nöqtəsi ola bilər. Bu isə göstərir ki, bölgədə mövcud sakitlik təsadüfi deyil — arxasında məqsədyönlü diplomatik strategiyalar və siyasi iradə dayanır.
P.S. Yerli mavi ekranlarda tez-tez çıxış edən siyasi azlıqların bu məqaləni iki dəfə oxumaqlarını tövsiyə edirəm. Bu çıxış əhlinin nəzərinə çatdırmaq lazımdır ki, regionda baş verən proseslər fonunda, gündən-günə Ermənistanın müharibəyə hazırlaşması mövzusunda apardıqları əsassız təşviqat ciddi adamların kədərli gülüşünə, əsgər analarının isə qürurlu göz yaşlarına səbəb olur.