Sankt-Peterburqda MDB-nin qeyri-rəsmi sammiti BİRBAŞA
Qeyd edək ki, Azərbaycan Prezidenti AZAL-ın təyyarəsinin Qazaxıstanda qəzaya uğraması ilə bağlı dərhal Rusiya üzərindən Bakıya qayıdıb
Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburqda MDB-nin qeyri-rəsmi sammitini keçirir.
Putin Sankt-Peterburqda MDB-yə üzv dövlətlərin dövlət başçılarının qeyri-rəsmi görüşünü açaraq Aktauda baş verən təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verib.
Rusiya Federasiyasının Prezidenti sammit iştirakçıları adından həlak olanların ailələrinə və bütün xəsarət alanlara başsağlığı verib.
“Təyyarə qəzaya uğrayıb, ölənlər var, çoxlu yaralılar var. Sizin adınızdan həlak olanların ailələrinə və bütün zərərçəkənlərə başsağlığı vermək istəyirəm. Onların sağalacağına ümid edək”, - deyə Rusiya lideri bildirib.
V.Putin vurğulayıb ki, Qazaxıstan Prezidenti ilə razılığa əsasən, Rusiya Fövqəladə Hallar Nazirliyinin tibb işçiləri və lazımi əlavə avadanlıqlar olan təyyarəsi Aktauya uçur. “Mən səhər saatlarında İlham Heydər oğlu Əliyevlə də danışmışam, o, təyyarə Azərbaycan aviaşirkətinə məxsus olduğu üçün Bakıya qayıtmağa məcbur olub”, - deyə Rusiya Federasiyasının Prezidenti qeyd edib.
Qeyd edək ki, Sankt-Peterburq şəhərində MDB üzv ölkələri dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün Rusiyaya səfərə yola düşən Prezident İlham Əliyevə baş vermiş qəza ilə bağlı məruzə olunan kimi, dövlət başçısı dərhal geri dönmək barədə tapşırıq verib və Azərbaycana qayıdıb.