Azərbaycan Respublikasının İrandakı səfirliyinə silahlı hücum edən şəxsin cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Bu barədə İRNA İranın Ədliyyə Nazirliyinin Media Mərkəzinə istinadən məlumat yayıb.
Məlumata görə, məhkəmə prosesində təqsirləndirilən şəxs və vəkilləri iştirak edib.
Məhkəmə iclasında Azərbaycan səfirliyinin bir sıra məsul şəxsləri də iştirak ediblər. İclasın əvvəlində hakim tərəfindən təqsirləndirilən şəxsə ittiham izah edilib və prokurorun nümayəndəsi ittiham aktını oxuyub.
İttiham aktına əsasən, Azərbaycan Səfirliyinə hücum edən şəxs səfirlik daxilində odlu silahdan istifadə etməklə Azərbaycan Respublikası vətəndaşını qəsdən öldürməkdə, qanunsuz silah almaqda, gəzdirməkdə və saxlamaqda, sursat və ictimai asayişi pozmaqda təqsirli bilinir.
Prokurorun nümayəndəsi ittiham aktını oxuduqdan sonra təqsirləndirilən şəxs və vəkili müdafiə çıxışı edib.
Məhkəmə sədri qərarın qanunda nəzərdə tutulan müddət ərzində çıxarılacağını vurğulayıb.