"Şən Azərbaycan"

Polad Bülbüloğlu ft Mina Sovetski

  • Oxuma müddəti:

    2 dəqiqə

  • SÖZLƏRİ: MƏSTAN GÜNƏR
    MƏNBƏ: ANS TV-NİN MƏXFİ ARXİVLƏRİNDƏN AZƏRBAYCANIN MƏDƏNİYYƏTİ ARTIQ RƏNGLİDİR, YOXSA HƏLƏ DƏ AĞ-QARA ZAMANINDA YAŞAYIRIQ?
    Günlərin bir günü ANS-in zəngin arxivindən Polad Bülbüloğlunun "Şən Azərbaycan" mahnısına çəkilən ağ-qara videolenti tapdım. Bu çəkiliş unikaldır və ANS arxivindən başqa heç yerdə yoxdur! Azərbaycan mədəniyyətinin ağ-qara dövrünə təsadüf edən bir videolent! Bir də baxdım ona, o vaxtkı ağ-qara mədəniyyətimizə... Sonra daxili hərarət və xarici çovğundan ağlayan, arxamda yerləşən pəncərəyə çevrilib Azərbaycanın bugünkü rəngli mədəniyyətinə diqqət yetirdim. Ağlıma bir fikir gəldi - müqayisə! Görəsən, bu günün rəngləri maraqlıdır, yoxsa o keçən günlərin "rəngsizliyi"? Həmin o ağ-qara videolentlə yeni rəngli videofilm yaratmaq istədim. Əvvəlcə Polad müəllimə zəng etdim. Axı mahnının sahibi məhz odur və onun icazəsi olmadan onun malına əl vurmaq olmaz (hələ də Azərbaycanın bir sıra iri şirkətlərinin telefon cavabverənlərində icazəsiz və ailəsinə haqq ödəmədən Vaqif Mustafazadə və digər korifeylərimizin kompozisiyalarını istismar etdiklərini başa düşə bilmirəm - axı hallalıq bizim, Azərbaycan mentalitetinin bir hissəsidir...). Xülasə, Polad müəllimdən icazə aldım və onun yalnız ANS-in arxivində olan "Şən Azərbaycan" kompozisiyasının köhnə videolent yazısından istifadə edib ağlımda “gəzişən” videofilmin ssenarisini yazdım. Çəkiliş qrupu yığdım, bugünkü rəngli mədəniyyətimizin nümayəndəsi olan aktrisa seçdim və “bismillah” deyib həmin ideyamı həyata keçirdim. Və... Rəngli mədəniyyətimizdən geriyə, ağ-qara mədəniyyətimiz istiqamətində yola, səyahətə çıxdım. Az getdik, çox getdik, günümüzün dərəli-təpəli yollarında nə gördük ki, sonda yenə də rəngsiz olduq???
    Bu suala sizin cavabınızı gözləyirəm. Filmin istehsalatında mənə yardımçı olan - başda Vaqif Əsədullayev omaqla, əzizlərim Elşad Rəhimov, Vüsal Cəfərov, Seymur Əmiraslanov, Yaşar Baxış, Sadiq Molei, Əminə Hacıağayeva, Həzi Abuzərov təşəkkür edirəm. Xüsusi təşəkkürlər Polad Bülbüloğluna, ona görə ki, o, Böyükdür və Mina Sovetskiyə ona görə ki, o, Balacadır. Filmin istehsal prosesində iştirak edən bütün şəxslərə və onların valideynlərinə də minnətdaram!