BLOQ

Sən nə bilirsən Qədr nədir?

Yazının davamı

Sən nə bilirsən Qədr nədir?
  • Oxuma müddəti:

    4 dəqiqə

  • Ramazan İslamdan əvvəldə ay təqvimi ilə yaşayan ərəblərin hesaba aldığı 12 aydan biri idi. Ərəblər hər 12 ayın adını havasına uyğun qoyardılar. Məsələn, Rəbiul əvvəl-baharın iık ayı, Rəbius sani- baharın ikinci ayı. Ramazan ayı da ilin ən isti vaxtına düşdüyündən ona belə bir ad verilir. Yəni istisi yandıran. Ramazqn həm də isti havada yağan və ətrafdaki tozu-dumanı yuyub-aparan yağışa deyilir. 

    Amma İslamın gəlişi ilə Ramazana tam fərqli yer verilir. Yeganə ay olaraq ayı Quranda keçir. Və Quranın üç surəsində onun gecələrindən birinə xüsusi diqqət yetirilir. Surələrdən birinə isə həmin gecənin adı verilir: "Qədr" . Yəni, ölçü, miqdar... Qədr nəyin ölçüsü idi? O həyatın ölçüsüdür. 1000 aydan (83 il, 4 aydan) ortalama bir insan ömrü. Həmin gecənin zülmətində Nur (Quran) dünyaya gəlir və ona heç bir günə vermədiyi dəyəri verir. Surədə Peyğəmbərə xitabən "Sən  nə bilirsən Qədr nədir?" sualı verilir. Və növbəti ayələrdə onun mahiyyətindən söz açılır. Lakin surədə diqqəti çəkən məqamıardan biri də xəbərlərin fərqli zamanda verilməsidir. İlk ayəyə nəzər salaq: "Biz onu qədr gecəsi nazil etdik" (keçmiş zaman). 4-cü ayədə isə mələklərin və ruhun (Cəbrailin) həmin gecədəki enişindən xəbər verərkən "tənəzzəlul məlaikətu vər rəhhu bi izni rəbbihim min kulli əmr".
    O gecə mələklər və ruh (Cəbrail) Rəbbinin izni ilə (həmin gündən gələn ilin Qədr gecəsinədək dünyada baş verəcək) hər bir işdən dolayı (Allah dərgahından əmrlər alaraq) yerə enərlər.

    Burada "tənəzzəlu" indiki zamanda işlənir. Ərəb dilinin qrammatik qanunlarına əsasən, işin indiki zamanda görülməsi həm də davamiyyətli olmasından xəbər verir. Yəni həm Quranın nazil olması, həm də mələklərin yer üzünə Allahın izni ilə nazil olmaları tək bir gecəyə deyil, davamlı olaraq bütün dövrlərə aiddir. Buna görə də Peyğəmbər əslində onu gizli saxlamır, Quranın həyata davamlı olaraq müdaxil olmasına işıq tutur.

    Surənin ilk ayəsində işlənən "fi" ədatıdır. Bu ədat ərəb dilində "da-də" şəkilçi rolunu oynamaqla yanaşı, həm də "haqqında"-"barəsində" mənasını verir. Bu mənada surənin ilk ayəsi həm də "Biz onu Qədr barəsində nazil etdik" mənasını verəcək ki, bu da surənin məqsədi ilə  tamamilə həmahəngdir. 

    Bəs  bu gecənin mahiyyətini dərk edən Peyğəmbər ona necə yanaşır? O gecədə digər gecələrdən fərqli nələr edir? Bizim qədr gecələrində yerinə yetirdiklərimizimi? Yəni, dua kitablarında yazıldığı kimi, Quranı başına qoyub? Cuşən Kəbir duasını oxuyub? Yoxsa özündən 30 il sonra baş verəcək hadisəyə görə, İmam Əlinin qatilinə 100 dəfə lənət oxuyub? Bu barədə tarix heç nə yazmır. Çünki tarix olanları yazır və xəbər verir. Bəs ondan sonra sadiq səhabələr necə? Onlarda da eyni səhnədir.

    Qədr-insanlığı zülmətdən nura çıxaran bərəkətli gecənin adıdır. Quranın doğum ayı. Surənin sonuna nəzər salaq: "Səlamun hiyə hətta mətləil fəcr" (O gecə dan yeri ağarana qədər salamatlıqdır (əmin-amanlıqdır).
    Surə gecənin qaranlığında (cəhalətin höküm sürdüyü dövrdə ) nazil olmağa başlayır və dan yeri ağaranda sona çatır... Bu da o deməkdir ki, hər zülmət gecənin bir fəcri (işıqlı səhəri ) var...