"Səngərlərdən masa arxasına keçməyin özü müsbət haldır"
Əbəs yerə demirlər ki, Rusiya ilə müqavilə imzalamaq su üzərində imza atma kimidir
Ukrayna-Azərbaycan münasibətləri hər zaman ən yüksək səviyyədə olub. Bu, istər 1990-cı illərdə, istərsə də son dövrlərdə ölkə başçılarının vermiş olduqları bəyanatları və bir-birilərini dəstəkləmələri buna sübutdur. Hal-hazırda Azərbaycanın Rusiya-Ukrayna hərbi münaqişəsinə münasibəti əlbəttə ki, gözlənilən idi. Çünki 44 günlük Vətən müharibəsi dövründə Ukrayna Azərbaycana hər cür rəsmi dəstəyini əsirgəməyib. O mənada ki, həm Vladimir Zelenskinin açıq şəkildə rəsmi Kiyevin mövqeyini sərgiləməsi, həm də Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın çıxışlarında Azərbaycanın haqq mübarizəsində Azərbaycanın yanında olan ölkələrdən biri hər zaman Ukrayna olub. Ukraynanın çətin anında Azərbaycanın Ukraynaya dəstək verməsi, həm Azərbaycan diasporası, həm də ümumi ədalətin bərqərar olması üçün çox vacib idi.
Bilirsiniz ki, Ukraynada fəaliyyət göstərən ən böyük neft şirkətlərindən biri “Socar”dır. “Socar” neft şirkətinin bu məsələdə Ukrayna Ordusuna dəstək olması bizi çox sevindirir. Çünki bu da rəsmi Azərbaycanın mövqeyi kimi qiymətləndirilə bilər.
Mənim gözləntilərim bundan sonra Azərbaycan parlamentinin verəcəyi dəstəklə bağlıdır. Çünki 44 günlük Vətən müharibəsi dövründə Ukrayna Parlamentinin üzvləri bir neçə dəfə bəyanat yayaraq, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bəyan ediblər. Əfsuslar olsun ki, hələ ki, Azərbaycan Parlamentində Ukrayna-Rusiya müharibəsiylə bağlı belə bir bəyanatlar səslənməyib. Biz bunu diqqətlə gözləyir, səbirsizliklə izləyirik. Çünki ukraynalı həmkarlarının hətta bu məsələlərlə bağlı bizə verdiyi suallara biz hələ ki, cavab verə bilmirik. Ancaq Azərbaycan diasporu və Azərbaycan cəmiyyəti hər zaman olduğu kimi haqq tərəfindədir. Düşünürəm ki, Ukrayna ərazisinin Rusiya Ordusu tərəfindən işğal edilməsini heç kim qəbul etməməlidir. Ən azından ona görə ki, Azərbaycan dövlər ərazisinin işğal edilməsinin nə olduğunu çox gözəl bilir. Hazırki mövzumuz bu olmasa da, bizim arzulamadığımız qüvvələr hələ də Azərbaycan ərazisində var. Ancaq bu və yuxarıda qeyd etdiyim məsələlər də Ukraynada gedən proseslər kimi bir-biri ilə əlaqəlidir.
Regionda seperatçılığa dəstək verən və işğalçı siyasətini davam etdirən heç bir ölkə, heç kim tərəfindən qəbul edilməməlidir. Hazırda dünyanın ən inkişaf etmiş ölkələri bu məsələ ilə bağlı çox aktiv şəkildə öz mövqelərini sərgiləyirlər. Yəqin ki, yaxın günlərdə biz bunun nəticəsini görəcəyik.
Bu günkü Rusiya-Ukrayna arasında baş tutacaq danışıqlarda Rusiya həmişəki kimi ultimativ mövqe tutacaq. Ancaq Ukrayna bunu qəbul edəsi deyil. Rusiya danışıqlardan öncə Ukraynaın paytaxtı Kiyevi və digər böyük şəhərlərini işğal etmək planını həyata keçirə bilmədi. Buna görə də, danışıqda tərəflərin arasında gedəcək razılaşmaların şərtləri tam başqa olacaq. Ancaq onu da qeyd etmək lazımdır ki, Rusiya tarix boyu heç bir danışıqlara əməl etməyib.
Əbəs yerə demirlər ki, Rusiya ilə müqavilə imzalamaq su üzərində imza atma kimidir.
Hər bir halda görüşün olması müsbət haldır. Çünki səngərlərdən masa arxasına keçməyin özü müsbət haldır. Hansı danışıqlar aparılaca, kim verilən sözlərə necə riayət edəcək məsələləri əlbəttə ki, bir neçə gündən sonra bilinəcək. Amma düşünürəm ki, Rusiya öz diqtəsini davam etdirsə Ukrayna ilə heç bir razılaşmaya nail ola bilməyəck. Çünki bu danışıqların mövzusu yalnızca müharibənin, döyüşlərin saxlanılması deyil. Nəticə etibarilə Krımın ilhaqı Donetsk və Luqansk vilayətlərinin də işğal olunması və orda fəaliyyət göstərən heç kim tərəfindən tanınmayan seperatçı qurumların Rusiya tərəfindən dəstəklənməsi də danışıqların sonunda özünü göstərməlidir.
Ukraynada yaşayan azərbaycanlılar və Azərbaycan vətəndaşlarının təhlükəsizliyinə gəlincə, öncə onu qeyd etmək lazımdır ki, Ukraynada olan azərbaycanlılar turist deyillər. Misal üçün deyək ki, Luqanka baxmağa gedənlər qalıb orda və biz onları evakuasiya etməliyik. Bu insanlar o cəmiyyətin tərkib hissəsidir. On illərdir Ukraynada yaşayırlar, hətta 30-40 il yaşayanlar var. Bu insanların böyük əksəriyyəti Ukrayna vətəndaşıdır. Ukraynada yaşayan azərbaycanlılar dedikdə onların böyük əksəriyyəti milliyətcə azərbaycanlı olsa da, Ukrayna dövlətinə mənsub olan şəxslərdir. Onların Ukraynadan çıxarılma məsələsi düzgün deyil. Azərbaycan mətbuatında dolaşan fikirlərlə bağlı, “bəzi özünü ağıllı sayan politoloqların” çıxışlarına baxırıq, deyirlər ki, azərbaycanlılar oradan təxliyə edilməlidir. Baxmayaraq ki, milliyətcə azərbaycanlıdır, amma bura onun vətənidir. Bizə çox maraqlı gəlir ki, necə sən milliyətcə azərbaycanlı olsan da, vətəndaşı olduğun ölkəni çətin vəziyyətdə yalnız qoyub, ölkədən çıxırsan.
O ki qaldı Ukraynada olan Azərbaycan vətəndaşları, tələbələr, ümumi desək, Ukraynada müvəqqəti olan Azərbaycan vətəndaşlarının təxliyəsi ilə məsələ ondan ibarətdir ki, onlar təxliyə olunması üçün mütləq ki, Ukrayna sərhədlərindən çıxmalıdırlar. Deyək ki, Rumıniyaya, Polşaya, Moldovaya – bura çıxmaq üçün də yeganə vasitə qatar və avtomobildir. Avtomobillə getmək isə təhlükəlidir. Çünki şəhərdə rus diversantları var. Bilirsiz ki, 2 gün bundan öncə (26 fevral) içində azərbaycanlıların da olduğu mülki avtomobil kalonu atəşə tutulub. Nəticədə 3 həmyerlimiz həlak olub, 4-ü yaralanıb. Fevralın 27-si isə Xarkov şəhərində azərbaycanlı tələbə rus diversantları tərəfindən öldürülüb. Yəni, bu təhlükələri görərək, onların sərhədə çatdırılma məsələsində tələsmək olmaz. Biz tövsiyə edirik ki, onlar olduqları təhlükəsiz yerdə qalsınlar, nəinki avtomobillə həyatlarını təhlükəyə atıb 100 km-lərlə yol qət etsinlər. Yəqin ki, Diaspora üzrə Dövlət Komitəsi və Azərbaycan Xarici İşlər Nazirliyində bu məsələlər müzakirə edilir. Bu gün mənə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin rəhbərliyindən zəng gəlib. Onlarla da danışmışıq. Yəni, bu məsələyə reallıqdan çıxış edərək yanaşmaq lazımdır. Necə gəldiki biz onları təxliyə edirik, avtomobillərlə təhlükəli yolda hərəkət etsinlər – bu da düzgün deyil. Birincisi, hazırda normal nəqliyyat şirkətləri bunu tövsiyə etmirlər. Öz sürücülərinin həyatını təhlükəyə atıb, bu qədər məsafəni qət etmirlər. Ona görə də təxliyə məsələsiylə bağlı gözləmək lazımdır. İndi kimlərsə özləri artıq Ukrayna sərhədindən Rumıniya, Moldova və Polşa sərhədinə keçiblər, onlarla da bağlı həmin ölkələrdəki Azərbaycan konsulluğu maraqlanır. Və onların Azərbaycana dönüşünü təmin etmək üçün əllərindən gəlin edirlər.
Fevralın 25-i Bakı şəhərində keçirilən Xocalı soyqırımının 30-cu il dönümü ilə əlaqədar Ukraynanın improvizasiya teatrının “Böyüməyən uşaqlar” tamaşasında çıxış edən 16 aktyorla bağlı son vəziyyət Onlardan birini artıq fevralın 27-si Bakı-İstanbul-Berlin-Varşava aviareysi ilə yola saldıq. Çünki onun yaxınları Lvov sərhədində idi.
Daha 3 nəfəri – bir ailənin üzvlərini fevralın 29-u Bakı-Praqa aviareysi ilə yola salırıq. Digər 12 nəfər isə davam edən döyüşlərə görə Ukraynaya hələ ki, qayıtmaq istəmədiklərinə görə bizim qonaqlarımızdır. Ümumiyyətlə, ukraynalılar bizim bacı-qardaşlarımız hesab olunur. Biz onlarla gündəlik maraqlanırıq. Heç bir problemləri yoxdur, hamısını həll edirik. Yollar açıldıqdan sonra onları da yola salacağıq. Mənə dünən çatan məlumata görə, Ukraynada sərnişin təyyarələri üçün hava məkanı martın 23-nə kimi qapalı olacaq.