Separatçıların keçmiş başçıları haradadır?
Erməni kanalları onların gah İrəvanda olduğunu yazır, gah da Qarabağdan kənara çıxmadıqlarını...
Özünü buraxmış qondarma “Dağlıq Qarabağ respublikasının keçmiş rəhbərləri” barədə yeni xəbər yayılıb.
Qarabağ separatçılarının üç keçmiş başçısı - Arkadi Qukasyan, Bako Saakyan və Arayik Arutyunyanın Ermənistana qaçdığı barədə xəbər hələlik rəsmən təsdiqlənməyib.
Aravot.am saytının məlumatına görə, separatçılarının üç keçmiş başçısı, habelə sonuncu qondarma “prezident” Samvel Şahramanyan Ermənistana keçməyib, hazırda Qarabağda qalmaqda davam edirlər.
Sayt dünən axşamdan sosial şəbəkələrdə və Teleqram kanallarında danışıqlar nəticəsində “Artsaxın üç keçmiş prezidenti”nin təhlükəsiz şəkildə İrəvana çatdığı barədə məlumatları təkzib edib.
“Gözlənilir ki, bu gün baş tutacaq bir sıra görüşlər və müzakirələr nəticəsində Arkadi Qukasyan, Bako Saakyan, Arayik Arutyunyanın taleyi həll olunacaq”, - sayt yazıb.
Qeyd edək ki, Azərbaycanın hüquq-mühafizə orqanları separatçılar barədə cinayət işinin açıldığını deyib.