Sərhədçilər narkotik qaçaqmalçılığı ilə məşğul idilər
Saxlanılan şəxslər Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları olublar
Azərbaycan sərhədçiləri 96 kiloqrama yaxın narkotik vasitəni müsadirə ediblər.
Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) ümumi çəkisi 96 kq.-a yaxın olan narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə keçirilməsi cəhdinin qarşısının alınması barədə məlumat yayıb.
İdarədən verilən məlumatda deyilir ki, iyulun 21-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti zonasında sərhədçilər tərəfindən gizlədilmiş 4 bağlama aşkar edilib.
Məlumatda daha sonra bildirilir ki, saat 20:00 radələrində əraziyə dörd naməlum şəxs çıxıb, onlar bağlamaları götürüb gizlənməyə cəhd ediblər, lakin sərhədçilər tərəfindən saxlanılıblar.
"Yoxlama zamanı məlum olub ki, saxlanılan şəxslər Dövlət Sərhəd Xidmətinin işğaldan azad edilmiş sərhədyanı ərazilərin minalardan təmizlənməsində iştirak etmiş həqiqi hərbi xidmət hərbi qulluqçuları olublar. Həmçinin, həyata keçirilən əməliyyat tədbirləri nəticəsində cinayətin təşkilatçısı, Bərdə rayon sakini – 1998-ci il təvəllüdlü Hikmət Xəlili saxlanılıb”, – məlumatda deyilir.
Hadisə yerindən aşkarlanan bağlamalarda 87,7 kq marixuana, 7,6 kq heroin, 400 qram metamfetamin, o cümlədən 1 980 ədəd metadon tableti və 12 465 ədəd preqabalin tableti – ümumilikdə, 95,7 kq narkotik və psixotrop dərmanlar aşkar edilib.
"Azərbaycan Respublikasının Baş Prokurorluğu və Dövlət Sərhəd Xidməti tərəfindən cinayətin digər iştirakçılarının müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir", – açıqlamada bildirilir.