Sərhədi pozmağa cəhd edən Sudan vətəndaşları saxlanılıb FOTO
Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qeyri-leqal miqrasiyaya qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, sentyabrın 12-də saat 16:45-də “Zaqatala” sərhəd dəstəsinin Balakən rayonunun Poçtbinə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycan Respublikasından Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Sudan Respublikası vətəndaşları 1998-ci il təvəllüdlü Hassan Abdelgadir Noreen və 1990-cı il təvəllüdlü Ahmed Mahmoud Mohamed Abdelrahman saxlanılıb.
Araşdırma zamanı saxlanılan şəxslərin 09.09.2023-cü il tarixdə ölkə ərazisinə rəsmi qaydada gəlmələri, dövlət sərhədini pozaraq Azərbaycan Respublikasından Gürcüstana, oradan isə Avropa ölkələrinə miqrasiya etmək niyyətində olmaları müəyyən edilib.
Sentyabrın 12-də saat 20:00-da “Xudat” sərhəd dəstəsinin Xaçmaz rayonunun Xanoba kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Gəncə şəhər sakini 1963-cü il təvəllüdlü Babayev Ramiz Ələddin oğlu saxlanılıb.
Fakt üzrə qeyri-leqal miqrasiya kanalının aşkarlanaraq zərərsizləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.