Bir neçə gün sonra, 2024-cü ilin ilk günündə Qarabağdakı keçmiş qondarma qurumun ləğvi barədə qərar qüvvəyə minməlidir.
Xatırladaq ki, 19-20 sentyabr tarixlərində həyata keçirilən antiterror tədbirlərindən sonra qondarma "Artsax" özünü buraxmaq barədə qərar qəbul edib.
Qərarı separatçıların sonuncu "rəhbəri" Samvel Şahramanyan imzalayıb. O, hazırda Ermənistan ərazisindədir.
“Hraparak” qəzeti yazıb ki, separatçıların "parlament"inin üzvləri yenidən Samvel Şahramanyanla görüşüb. Əsas müzakirə mövzusu Qarabağdan könüllü şəkildə Ermənistana gedən ermənilərin ehtiyacları olub. Görüş zamanı Şahramanyanın "Artsax"ı ləğv etmək qərarının taleyi də müzakirə olunub.
Məlumata görə, Şahramanyan müzakirələr zamanı qərarı barədə çox danışmayıb. Sadəcə qərarın özü tərəfindən verildiyini, nəticələrinə görə məsuliyyət daşıdığını bildirib. O qeyd edib ki, nə etməli olduğunu bilir.
"Bəzilərində belə təəssürat yaranıb ki, Şahramanyan imzaladığı qərarı ləğv edib. Mənbələrimiz onu da bildirdilər ki, Qarabağ məsələsi üzrə beynəlxalq komitənin yaradılması istiqamətində intensiv iş aparılır və bu komitə əvvəlki sessiyada işə salınıb", - nəşr yazıb.
Nəşrin məlumatına görə, Ermənistanın siyasi qüvvələrinin fəal üzvlərindən ibarət kiçik bir qrup bu komitənin yaradılması ilə məşğuldur, lakin onlar hələlik ciddi məxfilik şəraitində bu fəaliyyəti həyata keçirmək qərarına gəliblər.