Səudiyyə Ərəbistanı kosmosa ilk qadın astronavt göndərəcək
Səudiyyə Ərəbistanından olan ilk qadın astronavt Rəyana Bərnavi olacaq
Səudiyyə Ərəbistanı təmsilçisi ilk dəfə kosmosa səfər edəcək.
Səudiyyə Ərəbistanı Space X şirkəti vasitəsiylə Beynəlxalq Kosmik Stansiyay ilk qadın astronavt göndərəcək.
Rəyana Bərnavi Səudiyyə Ərəbistanından olan ilk qadın astronavt olacaq və 2023-cü ilin ikinci rübündə AX-2 missiyası çərçivəsində Əli Əl Karni ilə Beynəlxalq Kosmik Stansiyaya gedəcək.
Daha iki astronavt, Məryəm Fərdovs və Əli Əl Qamdi Səudiyyə Ərəbistanının insanlı kosmosa uçuş proqramı çərçivəsində təlim keçəcək və bu proqram vasitəsilə krallıq kosmik elmlərdə elmi innovasiyaları gücləndirməyə və sənayedə öz tədqiqatlarını aparmağa çalışır.
Qeyd olunur ki, Səudiyyə Ərəbistanının kosmik proqramı məktəb məzunlarının elm, texnologiya, mühəndislik və riyaziyyata marağını artıracaq və həm kadr potensialının inkişafına, həm də xaricdən istedadlı mütəxəssislərin cəlb olunmasına töhfə verəcək.
Daha əvvəl xəbər verildiyi kimi, Birləşmiş Ərəb Əmirliklərindən olan astronavt Sultan Əl Neyadi Beynəlxalq Kosmik Stansiyaya 2023-cü il fevralın 26-da gedəcək. Falcon 9 raketi və Dragon Endeavour kosmik gəmisinin NASA-nın Floridadakı Kennedi Kosmik Mərkəzindən buraxılması planlaşdırılır.
Crew-6 missiyasında Sultan Əl Neyadi ilə yanaşı, NASA kosmonavtları Stiven Bouen və Uorren Hoburq, həmçinin Roskosmos kosmonavtı Andrey Fedyayev də iştirak edəcək. Onlar Falcon 9 raketinə qoşulmuş Endeavour adlı SpaceX Dragon kosmik gəmisinin göyərtəsində olacaqlar.
Altı aylıq missiyaya bir sıra elmi təcrübə və tədqiqatlar daxil olacaq. Əmirlik astronavtı Yer orbitinə ilk uçuşunu edəcək və NASA-nın 69-cu Ekspedisiyasında uçuş mühəndisi olacaq. BƏƏ tarixdə öz vətəndaşını belə uzunmüddətli kosmos səyahətinə göndərən 11-ci ölkə olacaq.