MÜSAHİBƏ

Şəxsi istifadə məqsədilə gətirilən mallara qayda dəyişmir

Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov belə deyib

Şəxsi istifadə məqsədilə gətirilən mallara qayda dəyişmir
Şahin Bağırov
  • Oxuma müddəti:

    12 dəqiqə

  • Dövlət Gömrük Komitəsinin (DGK) fəaliyyəti və yeniliklər ilə bağlı qurumun sədri Şahin Bağırov AZƏRTAC-a eksklüziv müsahibə verib. Həmin müsahibəni təqdim edirik.

    - İlk olaraq qarşıdan gələn peşə bayramı münasibətilə Sizi təbrik edirik. DGK-nin son bir il ərzində gördüyü işlər barədə məlumat verməyinizi xahiş edirəm.

    - Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkədə sahibkarlıq fəaliyyəti üçün əlverişli biznes mühitinin yaradılması, xarici ticarətin dəstəklənməsi və təşviqi, sahibkarlar üçün asan, əlçatan xidmətlərin formalaşdırılması, gömrük işinin səmərəli və müasir çağırışlara uyğun şəkildə həyata keçirilməsi üzrə strateji hədəflər müəyyənləşdirilib. Gömrük orqanları qarşısında qoyulan tapşırıqların uğurla icrası məqsədilə Gömrük Xidmətinin Fəaliyyət Proqramı tərtib edilib və orada şəffaflıq, məmnunluq və rəqəmsallaşmanın artırılması, gömrük ödənişlərinin dayanıqlılığının təmin edilməsi, güvənli hüquq-mühafizə tədbirləri DGK-nin strateji hədəfləri olaraq əksini tapıb. Son bir ildə gömrük orqanlarının fəaliyyəti də bu strateji hədəflərə uyğun şəkildə qurulub. Gömrük orqanları tərəfindən icra olunan bütün layihə və yeniliklər “Gömrük İNKİŞAF modeli” konsepsiyası əsasında hazırlanır. Rəqəmsal həllərə, elmi nəzəriyyələrə, qabaqcıl təcrübələrə əsaslanan layihələr rəsmiləşdirmə və sərhədkeçmə proseslərinin asan, sürətli və şəffaf şəkildə həyata keçirilməsinə, gömrük nəzarətinin səmərəliliyinin artırılmasına, vaxt və vəsaitə qənaət olunmasına şərait yaradır.

    Ümumilikdə cari ildə icra edilən layihələri qeyd edək:

    - Elektron hesab səhifəsi;

    - Gömrük dəyərinə düzəlişlər edilməsi üçün elektron bildirişin verilməsi

    - Malların təminatla buraxılışı;

    - Məcburi qərarlar;

    - Ekspertiza rəylərinin vahid elektron reyestri;

    - Sərhəddə yük nəqliyyat vasitələri üçün elektron növbə sistemi;

    - “Avro-4” sertifikatının elektron formada verilməsi;

    - Əqli mülkiyyət hüquqları üzərində gömrük nəzarəti tədbirlərinin təkmilləşdirilməsi;

    - Gömrük ödənişlərinin onlayn formada hesablanması;

    - Səlahiyyətli iqtisadi operator (SİO) proqramı.

    Cari ilin noyabr ayının 20-də biznes subyektlərinin, vətəndaş cəmiyyəti, dövlət qurumları və media nümayəndələrinin iştirak etdiyi, dövlət və özəl sektor arasında dialoqu gücləndirmək məqsədilə keçirilən “Gömrük-Biznes Forumu 2023”də təqdim edilən “Transxəzər gömrük tranzit portalı”, “Avtomatlaşdırılmış Risk Analizi Sistemi”, “Səlahiyyətli iqtisadi operator” və “Smart-Bot” mobil tətbiqi isə gömrük orqanı əməkdaşları tərəfindən 2023-cü ildə hazırlanan və tətbiqinə başlanılan layihələrdir.

    - DGK islahatların nümunəsi kimi “Gömrük İNKİŞAF modeli”ni tətbiq edib. Praktikada bu modelin hansı nəticələri əldə olundu? Gələcəkdə daha hansı yeniliklərin tətbiq olunması nəzərdə tutulur?

    - “Gömrük İNKİŞAF modeli” komitənin qısa və orta müddətli perspektiv hədəflərini, prioritet sahələrini və vəzifələrini müəyyən edən strateji planlaşdırma sənədi olan “Gömrük xidmətinin Fəaliyyət Proqramı” üzrə nəzərdə tutulmuş layihələrin konsepsiyasıdır. Fəaliyyət proqramında İNKİŞAF modelinin istiqamət komponentinə uyğun olaraq gömrük inzibatçılığında aşkar edilən həlli vacib məsələlər 4 kateqoriyada birləşdirilib:

    1. Gömrük dəyəri və ödənişlər

    2. Sərhəd keçidi

    3. Proses və prosedurlar

    4. Sistem və alətlər.

    Qeyd olunan məsələlər “Gömrük İNKİŞAF modeli”nin keyfiyyət komponentinə uyğun olaraq tətbiqinin çətin və asan, təsirinin isə kiçik və böyük olmasından asılı olaraq təsnif edilib.

    Daha sonra İNKİŞAF modelinin işgüzar komponentinə uyğun olaraq məsələlərin həllinə komanda yanaşmasının tətbiqi məqsədilə İşçi qruplar yaradılıb və qruplar üzrə bu məsələlərin həlli istiqamətində işlərə başlanılıb. İşçi qrupların fəaliyyəti dövründə vətəndaş və biznes subyektləri üçün şəffaf, asan və faydalı bir sıra layihələr həyata keçirilib. Bu layihələrin bəziləri tamamlanıb, bəzilərinin isə icrası davam etməkdədir.

    Planlaşdırılan layihələr:

    - Xarici ticarət fəaliyyətinin tənzimlənməsinin real vaxt rejimində bir nöqtədən həyata keçirilməsini təmin edən Vahid idxal-ixrac pəncərəsinin (VİP) yaradılması;

    - Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin (NCTS) tətbiqi;

    - “ÖzüNET” mobil təbiqi yaratmaqla tam mərkəzləşdirilmiş Gömrük Qərarvermə Sisteminin tətbiq edilməsi;

    - Mallar ölkənin gömrük ərazisinə gətirilmədən əvvəl gömrük bəyannaməsinin təqdim edilməsi və gömrük ödənişlərinin həyata keçirilməsi imkanının yaradılması, habelə sərhəd ödənişlərinin təyinat gömrük məntəqəsində ödənilməsi və malların ikipilləli buraxılış sistemi vasitəsilə sərbəst dövriyyəyə buraxılması sisteminin yaradılması;

    - DGK ötən illərdə olduğu kimi bu il də büdcə proqnozunu artıqlaması ilə yerinə yetirə bilibmi?

    - 2023-cü il ərzində gömrük orqanlarının xətti ilə 5 milyard 728 milyon manat həcmində illik büdcə proqnozuna qarşı ilkin məlumata əsasən 6 milyard 334,77 milyon manat olmaqla, proqnozdan 606,77 milyon manat əlavə vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin edilib.

    - 2019-cu ildən etibarən “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə olunub. İndiyədək nə qədər yerli və xarici sahibkarlar bundan yararlanıb?

    - 2023-cü ildə 813 xarici iqtisadi fəaliyyət iştirakçısına “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə hüququ verilib. Bunlardan 296-sı ixrac, 517-si isə idxal əməliyyatları üzrə “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə hüququ əldə edib.

    - Ötən il idxal-ixrac əməliyyatlarında bu sistemdən istifadə hüququ əldə edən sahibkarların payı nə qədərdir?

    - 2023-cü il ərzində “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etmiş xarici ticarət iştirakçılarının idxal əməliyyatlarının payı 32,68 faiz, ixrac əməliyyatlarının payı isə 17,37 faiz təşkil edib.

    - Gömrük postlarının artırılması ilə bağlı planlar varmı? Varsa bunların hansı istiqamətlərdə yaradılması nəzərdə tutulur?

    - Bildiyiniz kimi bu yaxınlarda Azərbaycan ilə İran arasında sərhəddə hər iki dövlət rəsmilərinin iştirakı ilə Astaraçay üzərində yeni körpünün və modul tipli dövlət sərhədindən buraxılış məntəqəsinin açılışı olub. Gələcəkdə Azərbaycan ilə İran arasında Zəngilan rayonu ərazisində, eləcə də Gürcüstan ilə Azərbaycan arasında Ağstafa rayonu ərazisində yeni gömrük-keçid məntəqələrinin yaradılması nəzərdə tutulub. Həmçinin digər gömrük-keçid məntəqələrində də yenidənqurma və əsaslı təmir işlərinin aparılması nəzərdə tutulub.

    - Gömrük keçid məntəqələrində yük maşınlarının hərəkəti üçün müəyyən problemlərin olması ilə bağlı bəzən iddialar səslənir. Bu cür iddialara münasibət bildirməyinizi istərdik.

    - Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri üzərində yerləşən ölkəmizin tranzit imkanlarının genişləndirilməsi məqsədilə nəqliyyat, logistika, sahələri ilə yanaşı, dövlət sərhədindən buraxılış məntəqələrinin infrastrukturunun yaxşılaşdırılması, potensalının artırılması istiqamətində hökumət tərəfindən mühüm addımlar atılır. Hazırda dövlət sərhədindən buraxılış məntəqələrinin mövcud imkanları ölkəmizin ərazisindən keçən yük və nəqliyyat axınlarını gecikmələrə yol vermədən, asan və sürətli şəkildə idarə etməyə imkan verir. Lakin nəzərə almaq lazımdır ki, sərhədkeçmə prosesləri həm də qonşu ölkələrdəki gömrük-keçid məntəqələrinin fəaliyyətindən və buraxılış imkanlarından asılıdır. Belə ki, bəzən fors-major hallar və ya mövsümlə əlaqədar olaraq ölkəmizdən keçən nəqliyyat vasitələrinin sayında ciddi artım müşahidə olunur. Qonşu ölkələrin ərazisində yerləşən bəzi müqabil gömrük–keçid məntəqələrinin buraxılış qabiliyyəti aşağı olduğundan bu zaman sərhədkeçmə proseslərində gecikmə halları baş verir. Bu halların aradan qaldırılması, nəqliyyat və yük axınlarının sərhədkeçmə proseslərinin sinxronlaşdırılması məqsədilə müqabil ölkələrin aidiyyəti qurumları ilə mütəmadi olaraq danışıqlar və əlaqələndirmə işi aparılır. Bundan əlavə, gömrük sistemində mallar və nəqliyyat vasitələri üzərində gömrük nəzarəti və rəsmiləşdirilməsinin süni intellekt əsaslı Avtomatlaşdırılmış Risk Analizi Sistemi (ARAS) əsasında həyata keçirilməsi öz növbəsində gömrük sərhəd buraxılış məntəqələrində yük nəqliyyat vasitələrinində sürətli keçidinə xidmət edəcək.

    - “Trendyol” vasitəsi ilə sifariş olunan malların gecikməsini vətəndaşlar gömrük yoxlamaları ilə əlaqələndirirlər. Bu problem həqiqətənmi DGK ilə əlaqəlidir?

    - Kompleks yanaşıldıqda fiziki şəxslər tərəfindən sifariş olunan bağlamaların xarici satıcıdan yerli alıcılara çatdırılması bütöv bir zəncirdir və gömrük orqanları bu zəncirin yalnız “gömrük nəzarəti” hissəsində yer alır. Xaricdən sifariş olunan bütün digər bağlamalara olduğu kimi, “Trendyol”dan sifariş olunan bağlamalara da gömrük orqanları tərəfindən gömrük nəzarəti qanunvericiliklə müəyyən olunmuş qaydada, qısa zaman kəsiyində tamamlanır. Nəzərə alınmalıdır ki, bağlamaların tədarükçüdən yerli daşıyıcı şirkətlərin xaricdəki ünvanlarına və ölkəyə daşınması, eyni zamanda gömrük nəzarəti tamamlandıqdan sonra sifariş edən şəxslərin qeyd etdikləri ünvanlara təhvil verilməsi də müəyyən zaman kəsiyində tamamlanır.

    - Şəxsi istifadə məqsədilə xaricdən gətirilən mallara görə qanunvericilikdə müəyyən olunan 300 ABŞ dolları limitin dəyişdirilməsi gözlənilirmi?

    - Vətəndaşlar tərəfindən şəxsi istifadə məqsədilə, yəni istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların ölkəyə gətirilməsi qaydalarında hər hansı dəyişiklik müzakirə mövzusu deyil.