XƏBƏRLƏR / Mədəniyyət

Şair Arif Buzovnalı kənd qəbirstanlığında dəfn edilib

Bu barədə mərhumun yaxınları məlumat verib YENİLƏNIB

Şair Arif Buzovnalı kənd qəbirstanlığında dəfn edilib
  • Oxuma müddəti:

    4 dəqiqə

  • 16:30

    Şair, qəzəlxan Arif Buzovnalı Buzovna qəbirstanlığında dəfn edilib.

    Dəfn mərasimində mərhumun ailə üzvləri, sənət dostları iştirak ediblər.

    Qeyd edək ki, Arif Buzovnalı ilə vida mərasimi Buzovnada yerləşən Məşədi Qərib məscidində keçirilib.

    ***

    10:28

    Şair, qəzəlxan Arif Buzovnalı vəfat edib.

    Bu barədə mərhumun yaxınları məlumat verib.

    Bildirilib ki, o bu gün yaşadığı evdə dünyasını dəyişib.

    Qeyd edək ki, Arif Buzovnalı 6 sentyabr 1972-ci ildə Bakının Buzovna qəsəbəsində anadan olub.

    O, Bakıda və Abşeronda fəaliyyət göstərən müxtəlif ədəbi məclislərin, o cümlədən "Füzuli" və "Məcməüş-şüəra" məclislərinin üzvü olub.

    2016-cı ildən Azərbaycan Yazıçılar Birliyinin Xəzər bölməsinin sədri idi.

    Arif Buzovnalı Buzovna qəbirstanlığında dəfn olunacaq.

    ***

    Xəstəyəm can üstə, ey məndən nigaran, durma gəl,
    Ey mənə “can” söyləyən, əldən gedir can, durma gəl.

    Mən bəla mülkündəyəm, sənsə şəfa mülkündəsən,
    Nola, əl kəsmə, ətək kəs, tap bir imkan durma gəl.

    Bir baxış görsəm səni həq tövbəmi eylər qəbul,
    Etmə məhşərdə məni zarü pərişan, durma gəl.

    Daş kimi başım yarıb sənsizliyin qəm-qüssəsi,
    Dadə yet ki vəslimi qətl etdi hicran, durma gəl.

    Atəşində ömrümü yandırmışam pərvanə tək,
    Sən də, lütf eylə, mənimçün bir dəfə yan, durma gəl.

    Hər nəfəsdə çəkməyib ətrin, deyə, xain cigər
    Yad edib vəslin tökər qan üstünə qan, durma gəl.

    Söylədim ki, ey əcəl, al canımı, zalim dedi:
    Alsın ol kəs ki veribdir qətlə fərman, durma gəl.

    Öldü Arif, adət üzrə ölmüşə ehsan düşür,
    Gəlməyindən özgə yox ruhiçün ehsan, durma gəl.

    ***
    Aparıb əqlimi şövq ilə xəyalın necə gör,
    Məst edər ruhumu bəs onda vüsalın necə gör.

    Hüsnünə şahid olub nuruna qərq oldu cahan,
    Günəşi göydə xəcil etdi cəmalın necə gör.

    Asiman qaşını təqlid eləyib tutdu məqam,
    Qübbeyi-ərşə sütun oldu kəmalın necə gör.

    Vuraram nitqinin ahəngi ilə başə külüng,
    Məni Fərhad eləyib tuti məqalın necə gör.

    Əcəlim oldu dəlilim ki verim hicrə cavab,
    Vəslətin qeydinə qalmışdı sualın necə gör.

    Mən xumar dərd ilə, sən hüsnünə məğrur məxmur,
    Bənzəyir halıma naz-qəmzəli halın necə gör.

    Eşq təhsilini hüsnündə bitirmiş Arif,
    Cəzb bəhsində qoyub nöqtəni xalın necə gör.



    ***
    Gecələr sənsiz olunca yuxu getmir gözümə,
    Səni sevməklə bu zülmü özüm etdim özümə.

    Baxma vardır qəzəbim, canımı verrem onu bil,
    Xoş baxış ilə əgər bir dəfə baxsan üzümə.

    Quş olub uçdun əlimdən mən isə seyr etdim,
    Sonra min ah ilə bica yerə vurdum dizimə.

    Mən tək eşq əhli tapılmaz biləcəksən şəksiz,
    Yad edib eşqimi bir gün düşəcəksən izimə.

    Görəcəksən məni cansız quru səhra içrə,
    Atəşim bir yana, həsrət qalacaqsan közümə.

    Arifəm, eşqdə mən xətmi-kəlam eyləmərəm,
    Hədd yox eşqimə, çün hədd tapılmaz sözümə.



    ***
    Yenə göydən yerə sakitcə enir qar dənəsi,
    Havada rəqs elədikcə deyinir qar dənəsi.

    Soyudur torpağı qəlbindəki həsrət, həyəcan,
    Küləyin buz nəfəsiylə isinir qar dənəsi.

    Oxuyur eşqini bir şərqi tək azadəliyə,
    Dinsə ancaq bu məhəbbətlə dinir qar dənəsi.

    Yerə çatsa dönəcək göz yaşına yaxşı bilir,
    Bu vüsaldan elə qorxur, çəkinir qar dənəsi.

    Uzadır ağ əlini torpağa tənbəl-tənbəl,
    Arzuya çatmağa sanki ərinir qar dənəsi.

    Soyunur torpağa yetdikcə gəlinlik geyimin,
    Su olub adi libasın geyinir qar dənəsi.

    Arifin qəlbi alışdıqca yerin altında
    Buxara döndüyünə çox sevinir qar dənəsi.