Vladimir Putin İlham Əliyevə zəng edib YENİLƏNİB
Bundan əvvəl Mirziyoyev və Tokayev də İlham Əliyevə zəng ediblər
12:10
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dekabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Rusiya Prezidenti dövlət başçısına ad günü münasibətilə təbriklərini çatdırıb, ona prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Telefon söhbəti zamanı həyata keçirilən qarşılıqlı səfərlərin və görüşlərin əhəmiyyətinə toxunulub, Vladimir Putinin bu il Azərbaycana dövlət səfərinin ikitərəfli münasibətlərimizin daha da möhkəmlənməsi işinə mühüm töhfə verdiyi qeyd olunub.
Telefon söhbəti zamanı strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələrimizin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik bildirilib, əməkdaşlığımızın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
***
11:24
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevə ad günü münasibətilə təbriklərini çatdırıb, prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.
Dövlət başçısı göstərilən diqqətə və təbrikə görə minnətdarlığını ifadə edib.
Telefon söhbəti zamanı yüksək səviyyədə qarşılıqlı səfərlərin və təmasların əhəmiyyətinə toxunulub, bu il Qazaxıstan Prezidentinin Azərbaycana dövlət səfərinin əlaqələrimizin möhkəmlənməsi işində rolu xüsusi vurğulanıb.
Qazaxıstan Prezidenti COP29-un Azərbaycanda uğurla keçirilməsi ilə bağlı bir daha təbriklərini çatdırıb, bu tədbirin Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin daha da möhkəmlənməsi işinə töhfə verdiyini deyib.
Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü ifadə edərək, Qazaxıstanın dövlət başçısına COP29-da fəal iştirakı ilə bağlı bir daha minnətdarlığını bildirib.
Dövlət başçıları iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini vurğulayıb, əməkdaşlığımızın bundan sonra da möhkəmlənəcəyinə əminliklərini ifadə ediblər.
Telefon söhbəti zamanı əlaqələrimizin perspektivləri, yeni təmaslar və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
***
10:27
Dekabrın 24-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Şavkat Mirziyoyev dövlətimizin başçısını ad günü münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Telefon söhbəti zamanı yüksək səviyyədə qarşılıqlı səfərlərin və mütəmadi təmasların ikitərəfli münasibətlərin inkişafına verdiyi töhfə qeyd edilib, Prezident İlham Əliyevin bu il Özbəkistana dövlət səfərinin əməkdaşlığımızın daha da gücləndirilməsi işində xüsusi rol oynadığı vurğulanıb. Qeyd olunub ki, həmin səfər zamanı imzalanmış müttəfiqlik münasibətləri haqqında Müqavilə ikitərəfli münasibətlərimizin ən yüksək zirvəsini nümayiş etdirib.
Özbəkistan Prezidenti COP29-un Azərbaycanda yüksək səviyyədə keçirilməsi ilə bağlı Prezident İlham Əliyevə bir daha təbriklərini çatdırıb və bu mühüm tədbiri ölkəmizin beynəlxalq nüfuzunun möhkəmlənməsinin nümayişi kimi qiymətləndirib.
Prezident İlham Əliyev təbriklərə görə minnətdarlığını ifadə edərək, Şavkat Mirziyoyevin COP29-da fəal iştirakına görə bir daha təşəkkürünü bildirib.
Prezidentlər ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini bildirib, əməkdaşlığımızın perspektivləri, gələcək təmaslar və qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparıblar.