“Şəki yaylası”nda faciə ilə bağlı cinayət işi açılıb FOTO
Şəkidə istirahət mərkəzində 2 nəfər həlak olub
09:34
Sentyabrın 8-də Şəki rayonu, Baş Küngüt kəndi ərazisində yerləşən “Şəki yaylası” istirahət mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq həlak olması barədə Şəki rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı müəyyən edilib ki, 1999-cu il təvəllüdlü Bayramov Ucal Asif oğlu və 1995-ci il təvəllüdlü Məmmədzadə Coşqun Ceyhun oğlu “Zipline” əyləncəsindən istifadə etdikləri zaman kanat sisteminin bərkidildiyi metal konstruksiyanın deformasiyaya məruz qalması nəticəsində əsas mexaniki qurğu kanatdan çıxıb və əlavə təhlükəsizlik avadanlığı zədələnib.
Nəticədə hər iki şəxs hündürlükdən yerə düşərək hadisə yerində keçinib.
Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitlərə baxış keçirilib, məhkəmə-tibbi, texniki-təhlükəsizlik və s. ekspertizalar təyin edilib, eləcə də, digər zəruri istintaq hərəkətləri həyata keçirilib.
Faktla bağlı Şəki rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.3-cü (iki şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb və ibtidai istintaq aparılır.
Hazırda cinayət işi üzrə hadisənin bütün hallarının, o cümlədən başvermə səbəbləri və şəraiti, “Zipline” qurğularının texniki vəziyyəti və istismarının təhlükəsizlik tələblərinə uyğunluğu, eləcə də ona hüquqi qiymət verilməsi üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi istiqamətində zəruri istintaq tədbirləri həyata keçirilir.
Media nümayəndələrindən və sosial şəbəkə istifadəçilərindən hadisə ilə bağlı dəqiqləşdirilməmiş, ictimaiyyətdə yanlış təsəvvür və çaşqınlıq yarada biləcək məlumatların yayılmasından, habelə ibtidai istintaqın normal gedişinə və istintaq sirrinin qorunmasına xələl gətirə biləcək məlumatların paylaşılmasından çəkinmələri xahiş olunur.
***
2026-09-09 17:07
"Şəkidə istirahət mərkəzində hadisənin baş verdiyi ərazidə quraşdırılmış “zipline” iki stasionar dirək arasında bağlanılmış burazın üzərində quraşdırılmış, heç bir təhlükəsizlik cihazı və ya sığortalayıcı trosu olmayan diyircəklər üzərində öz ağırlığı, sərbəstdüşmə təcili və ətalət sürəti ilə hərəkət edən əyləncə qurğusudur".
Bu barədə Şəkidə istirahət mərkəzində qurğunun trosunun qırılmsı nəticəsində 2 nəfərin ölümü ilə bağlı Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Qeyd olunub ki, bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil: "Qeyd olunan qurğu mexanikləşdirilmiş, yəni elektrik mühərriki və ya ötürücü bucurqad vasitəsilə hərəkət etdirilən qurğu olmadığından təhlükə potensiallı obyektlərərin siyahısına daxil deyil və bu səbəbdən FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin nəzarət sahəsinə aid deyil".
***
08 sentyabr 2026-cı il
21:58
"Şəki Yaylası”nda qurğunun trosunun qırılması nəticəsində 2 nəfərin ölməsi faktı araşdırılır.
Baş vermiş faciə ilə bağlı yeni detallar məlum olub.
Hadisə şahidlərindən birinin sözlərinə görə, kanatla hərəkət zamanı tros qırılıb. Nəticədə vətəndaşlardan biri yerə düşərək həyatını itirib.
Digər şəxsin isə qırılan trosun zərbəsi nəticəsində öldüyü bildirilir.
4 dəqiqə