ŞƏT üzv ölkələrin Dövlət Başçıları Şurasının iclası başlayıb
"Sinxua" agentliyi xəbər verir

Bu gün Çinin Tiencin şəhərində Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçıları Şurasının 25-ci iclası başlayıb.
İclası açıq elan edən Çin Xalq Respublikasının Sədri Si Cinpin bildirib ki, bu gün ŞƏT üzvləri qarşısında kəskin şəkildə öz təhlükəsizliklərini təmin etmək və rifaha nail olmaq vəzifəsi durur.
Si Cinpin deyib ki, təşkilat üzvləri arasında münasibətlər dostluq və əməkdaşlığa əsaslanır: “Çin hegomoniya və qarşıdurmaya qarşı, azad ticarəti dəstəkləyir. ŞƏT artıq dünyada böyük təşkilata çevrilib və beynəlxalq aləmdə nüfuzu artmaqdadır. Dünyada təlatümlər və dəyişikliklər yaşanır. ŞƏT-in Şanxay ruhuna uyğun olaraq prinsiplərinə gəlincə, dövlətlər qarşılıqlı olaraq bir-birinə, müxtəlifliklərə hörmətlə yanaşmalıdırlar. Qarşılıqlı faydalı əməkdaşlıq əsas götürülməlidir. Nəqliyyat, energetika, rəqəmsal texnologiya, süni intellekt kimi sahələrdə əməkdaşlıq genişlənməlidir”.
“Bir kəmər, bir yol” yol layihəsinin əhəmiyyətini vurğulayan Çin Xalq Respublikasının Sədri tezliklə ŞƏT İnkişaf Bankının yaradılmasını təklif edib.
Qeyd edək ki, Çinin Tiencin şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) illik sammiti işə başlayıb. Genişmiqyaslı illik sammitdə 21 ölkədən liderlər və 10-dan çox beynəlxalq təşkilat iştirak edir. Tədbir çərçivəsində üzv dövlətlərin əsas sənədlərinin, o cümlədən təşkilatın yaxın 10 il üçün inkişaf strategiyasının qəbul edilməsi gözlənilir.
Təşkilat 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub. ŞƏT-in tamhüquqlu iştirakçıları 10 ölkə: Rusiya, Belarus, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Çin, Pakistan, Tacikistan və Özbəkistandır. Hazırda Əfqanıstan və Monqolustan təşkilatda müşahidəçi statusuna, Azərbaycan, Bəhreyn, Misir, Kamboca, Ermənistan, Qətər, Küveyt, Maldiv, Myanma, Nepal, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Türkiyə və Şri-Lanka isə təşkilatın dialoq tərəfdaşı statusuna malikdirlər.
ŞƏT-in məqsədi regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsi, iqtisadi əməkdaşlığın, enerji tərəfdaşlığının, elmi və mədəni fəaliyyətin inkişafıdır. Təşkilata üzv dövlətlərin başçılarının görüşləri 2002-ci ildən hər il keçirilir. Ümumilikdə ŞƏT-in 23 sammiti keçirilib.
Beynəlxalq və regional təşkilatlarda fəal iştirak edən Azərbaycanın da son illər ŞƏT ilə əlaqələri genişlənir. Azərbaycana dialoq tərəfdaşı statusunun verilməsinə dair qərar təşkilatın 2015-ci ilin iyulunda Ufada keçirilən Zirvə görüşündə qəbul edilib. Ölkəmizlə təşkilat arasında mövcud əməkdaşlıq sahələri 2016-cı ildə tərəflər arasında imzalanmış memorandumda öz əksini tapıb. Ötən müddətdə Azərbaycan təşkilat çərçivəsində keçirilən müxtəlif tədbirlərdə fəal iştirak edib.