Şeyxülislam Vatikanda “Nostra Aetate” sənədinin ildönümündə
Tədbirə təxminən iki minədək insan qatılıb
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Vatikanda “Nostra Aetate” sənədinin 60-cı ildönümü ilə əlaqədar keçirilən mərasimdə iştirak edib.

Vatikanın VI Pavel zalında baş tutan “Ümid üçün birgə addımlamaq” adlı tədbirdə Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad və Xristian Birliyinin Təşviqi üzrə Dikasteriyanın prefekti kardinal Kurt Kox salamlama nitqi ilə çıxış ediblər.
Daha sonra Roma Papası XIV Leo çıxış edərək son illərdə Katolik Kilsəsi ilə digər dinlər, o cümlədən İslam dini arasında dərin və davamlı əlaqələrin qurulduğunu deyib, bu dialoqun təşviqi üçün çalışan hər kəsə təşəkkür edib. 2019-cu ildə Əbu-Dabidə mərhum Papa Fransisk və Əl-Əzhərin böyük imamı Əhməd Əl-Tayyibin imzaladığı İnsan qardaşlığına dair tarixi sənədin əhəmiyyəti qeyd olunub.
Pontifik insanları zorakılığı və ədalətsizliyi pisləməyə, bölünmələrə qarşı çıxmağa və sülhü təbliğ etməyə səsləyib.
Təxminən iki minədək insanın qatıldığı tədbirdə müxtəlif ölkələrin dini liderləri və Müqəddəs Taxt-Tacda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, “Nostra Aetate” Roma Katolik Kilsəsinin qeyri-xristian dinləri ilə əlaqələrinin bünövrəsini formalaşdıran II Vatikan Şurasının əsas sənədidir.
1 dəqiqə