Şişirdilmiş gözləntilər qeyri-sabitliyə gətirib çıxarır
Bu gün biz Trampın Rusiyaya qarşı gözlənilməz diplomatik addımlarının böyük ümidlər doğurduğunu görürük

Prezident Tramp siyasi və beynəlxalq münasibətlər alimləri üçün fenomenal şəxsiyyətdir. Qərarları və hərəkətləri o qədər qeyri-ənənəvidir ki, hər dəfə bir iş görəndə belə bir sual yaranır: “Belə etmək oladı ki?”. Nəticədə, onun qəfil əhval dəyişikliyi və strateji dönüşləri siyasi elmdə əsas məsələlərin təhlili üçün olduqca maraqlı çərçivə yaradır.
Hazırda diqqətə layiq olan ən maraqlı cəhətlərdən biri onun Rusiyada yüksək gözləntilər yaratmaq bacarığıdır.
Politologiya bilir ki, əsassız olaraq yüksək gözləntilər qeyri-sabitlik üçün güclü amildir. İndi Rusiyada əhəmiyyətli ümid atmosferi hökm sürür: media mənzərəsi və ictimai povestlər nəzərəçarpacaq dəyişikliklərə məruz qalıb, iqtisadiyyat müsbət tendensiyalar nümayiş etdirir - fond bazarı böyüyür, rubl isə müharibədən əvvəlki dəyərinə yaxınlaşır. Xarici investorların geri qaytarılması ilə bağlı müzakirələr davam edir. Müqaviləli əsgərlərin sayında da əhəmiyyətli artım var, bir çoxları maliyyə faydaları üçün orduya qoşulmağa və müharibənin yaxın həftələrdə bitəcəyini fərz edərək döyüşlərdən qaçmağa ümid edir. Prezident Trampın sayəsində.
Lakin siyasətdə qəfil dəyişikliklər şoka səbəb olur - həm müsbət, həm də mənfi. Bu, yaxın aylarda Rusiya rəsmiləri üçün ciddi problem yaradır: bu yüksək gözləntilər özünü doğruldacaqmı? Əks təqdirdə, nəticələr həm Rusiya, həm də Rusiya-Ukrayna müharibəsi üçün son dərəcə radikal ola bilər.
Beynəlxalq münasibətlər tarixi belə vəziyyətlərə çoxlu misallar gətirir:
- 2011-ci ilin Ərəb Baharı Yaxın Şərq və Şimali Afrikada inkişaf və tərəqqi üçün ümidləri artırdı. Lakin Misir və Liviyada bu gözləntilər siyasi qeyri-sabitlik, iqtisadi çətinliklər və zəif dövlət institutları ilə qarşılandı və bu da mənfi nəticələrə gətirib çıxardı.
- Cənubi Sudan 2011-ci ildə müstəqillik qazandıqdan sonra onun vətəndaşları sülh, sabitlik və iqtisadi inkişafa ümid edirdilər. Bununla belə, siyasi çəkişmə, korrupsiya və iqtisadi böhran vətəndaş müharibəsinə (2013-2018) gətirib çıxardı.
- Oslo Sazişləri (1993) İsrail və Fələstin arasında iki dövlətli həll və uzunmüddətli sülh haqqında nikbinliyə səbəb oldu. Lakin siyasi parçalanmalar, zorakılıq və İsrailin məskunlaşma sahəsinin genişlənməsi səbəbindən irəliləyiş dayandı və nəticədə İkinci İntifadaya (2000-2005) və İsrail-Fələstin münasibətlərinin pisləşməsinə səbəb oldu.
- və s., və ilaxr
Bölgəmizdə də oxşar nümunələrə rast gəlmək olar:
- Ukraynanın Aİ-yə inteqrasiyası prosesi prezident Viktor Yanukoviçin qəflətən kursu 180 dərəcə çevirməsindən sonra dayandırıldı (U-turn). Aİ ilə sazişin imzalanmasını təxirə salmaq qərarı onun prezident Putinlə görüşündən sonra qəbul edilib. Brüssellə altı illik danışıqlardan sonra 2013-cü ilin noyabrında baş verən bu gözlənilməz dönüş, nəticələri hər kəsə məlum olan kütləvi etirazlara səbəb oldu.
- Azərbaycan və Ermənistan arasında sülh prosesi: 2018-ci ilin Məxməri İnqilabından və Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra sülh yolu ilə nizamlanma ümidləri yarandı. 2019-cu ildə “cəmiyyəti sülhə hazırlamaq” (PPP - Preparing Population for Peace) ilə bağlı fəal müzakirələr aparılıb, ATƏT-in Minsk Qrupu hətta iki ölkənin jurnalistləri arasında səfər mübadiləsi təşkil edib. Lakin bu gözləntilər özünü doğrultmayanda - Paşinyanın 2019-cu il avqustun 5-də verdiyi bəyanat hər şeyi dəyişdi - sonrakı hadisələr 2020-ci ilin məlum hadisələrinə gətirib çıxardı.
Nəticə göz qabağındadır: reallıqda təsdiqini tapmayan şişirdilmiş gözləntilər qeyri-sabitliyə gətirib çıxarır. Bu gün biz Trampın Rusiyaya qarşı gözlənilməz diplomatik addımlarının böyük ümidlər doğurduğunu görürük. Bəs o, yenidən fikrini dəyişsə nə olacaq?