XƏBƏRLƏR / Qayıdış

Növbəti köç karvanı Şuşa şəhərinə çatıb FOTO

Bu mərhələdə Şuşaya 208 nəfər köçürülüb

Növbəti köç karvanı Şuşa şəhərinə çatıb FOTO
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 14:58

    Növbəti köç karvanı Şuşa şəhərinə çatıb, sakinlərə mənzillərin açarları təqdim edilib.

    Mərasimdə Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.

    Bu mərhələdə Şuşa şəhərinə 51 ailə - 208 nəfər köçürülüb.

    Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 minə yaxın insan yaşayır.

    ***

    07:02

    Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Şuşa şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

    Bu mərhələdə Şuşa şəhərinə 51 ailə - 208 nəfər köçürülüb.

    Doğma yurda qayıdan Şuşa sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

    Erməni işğalından azad edilmiş ərazilərə qayıdanların ümumi sayı:

    Laçın - 2090 nəfər (570 ailə)
    Zabux (Laçın rayonu) - 823 nəfər (217 ailə)
    Sus (Laçın rayonu) - 215 nəfər (59 ailə)
    Füzuli - 3136 nəfər (823 ailə)
    Ağalı (Zəngilan rayonu) - 871 nəfər (175 ailə)
    Talış (Ağdərə rayonu) - 90 nəfər (20 ailə)
    Şuşa - 1388 nəfər (369 ailə)
    Xocalı (Xocalı rayonu) - 179 nəfər (46 ailə)
    Ballıca (Xocalı rayonu) - 152 nəfər (27 ailə)
    Cəbrayıl - 916 nəfər (238 ailə)

    Ümumi: 9860 nəfər.