16:07
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə Şuşa şəhərində Türk Dövlətləri Təşkilatı Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclası keçirilib. İclasda TDT-yə üzv və müşahidəçi dövlətlərin rəqabət orqanlarının təmsilçiləri çıxış edib, iclasın yekunlarına dair Birgə Kommünike imzalanıb.
Agentliyin sədri Elnur Bağırov, TDT-nin Baş katibinin müavini Merey Mukajan, Türkiyə Rəqabət Qurumunun rəhbəri Birol Küle, Özbəkistan Respublikasının Rəqabətin İnkişafı və İstehlakçı Hüquqlarının Müdafiəsi Komitəsinin sədri Xalilillo Turaxujayev, Qazaxıstan Respublikasının Rəqabətin Müdafiəsi və İnkişafı Agentliyi sədrinin müavini Bolat Sambetov, Qırğız Respublikasının İqtisadiyyat və Kommersiya Nazirliyi yanında Antiinhisar Tənzimləmə Xidməti sədrinin müavini Nurjan Kadirbekova, Macarıstan Rəqabət Qurumunun rəhbəri Ksaba Balaş Riqo, Şimali Kipr Türk Respublikasının Rəqabət Şurasının sədri Şifa Kırmızıgil iştirak ediblər.
İclas çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlər rəqabət siyasəti sahəsində öz praktikalarını bölüşüblər, qarşılıqlı əməkdaşlığı dəstəkləyən təşəbbüslər barədə fikir mübadiləsi aparıblar.
Sonda Türk Dövlətləri Təşkilatının Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasının yekunlarına dair Birgə Kommünike imzalanıb. Sənəd gələcək dövr üçün ortaq fəaliyyət prioritetlərini müəyyənləşdirərək rəqabət siyasəti sahəsində qarşılıqlı fəaliyyətin genişləndirilməsini nəzərdə tutur.
***
11:40
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə Şuşada Türk Dövlətləri Təşkilatı Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin Rəqabət Forumu keçirilib. Tədbir zamanı TDT-yə üzv ölkələrin rəqabət orqanları arasında əməkdaşlığın genişləndirilməsi, rəqabət siyasətinin tətbiqi və regional inteqrasiyanın gücləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Macarıstan və Şimali Kipr Türk Respublikasının rəqabət qurumlarının rəhbərləri və yüksəkvəzifəli təmsilçiləri, Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini, eləcə də aidiyyəti dövlət qurumlarının və özəl sektorun nümayəndələri iştirak ediblər.
Forumun açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov, Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli və Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Merey Mukajan çıxış ediblər.
Çıxışlar zamanı Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında iqtisadi inteqrasiyanın genişləndirilməsi, xüsusilə rəqabət siyasətinin həyata keçirilməsi sahəsində ortaq əməkdaşlıq platformalarının gücləndirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb. Bildirilib ki, forumun keçirilməsində əsas məqsəd Türk Dövlətləri Təşkilatına üzv ölkələrin rəqabət siyasətində yanaşmaların uyğunlaşdırılması, eləcə də tərəflər arasında hüquqi və institusional təcrübə mübadiləsinin genişləndirilməsidir.
Forum panel müzakirəsi ilə davam etdirilib. Agentliyin sədrinin birinci müavini Cəfər Babayevin moderatorluğu ilə keçirilən “Rəqabət siyasətinin formalaşdırılması TDT-nin hərəkətverici qüvvələrindən biri kimi: regional əməkdaşlıq” mövzusunda paneldə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov, Türkiyə Rəqabət Qurumunun rəhbəri Birol Küle, Özbəkistan Respublikasının Rəqabətin İnkişafı və İstehlakçı Hüquqlarının Müdafiəsi Komitəsinin sədri Xalilillo Turaxujayev, Qırğız Respublikasının İqtisadiyyat və Kommersiya Nazirliyi yanında Antiinhisar Tənzimləmə Xidməti sədrinin müavini Nurjan Kadirbekova, Qazaxıstan Respublikasının Rəqabətin Müdafiəsi və İnkişafı Agentliyi sədrinin müavini Bolat Sambetovun çıxışları dinlənilib.
Panel müzakirələri zamanı rəqabət siyasətinin regional əməkdaşlıq kontekstində inkişaf etdirilməsi, rəqabət orqanları arasında koordinasiyanın gücləndirilməsi, TDT məkanında rəqabətqabiliyyətli vahid iqtisadi məkanın formalaşdırılması məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
***
09:15
Şuşada Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə Türk Dövlətləri Təşkilatı Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin Rəqabət Forumu keçirilir.
Tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Macarıstan və Şimali Kipr Türk Cümhuriyyətinin rəqabət qurumlarının rəhbərləri və yüksək vəzifəli təmsilçiləri, Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini, eləcə də aidiyyəti dövlət qurumlarının və özəl sektorun nümayəndələri iştirak edirlər.

Forumda rəsmi hissədən sonra “Rəqabət siyasətinin formalaşdırılması TDT-nin hərəkətverici qüvvələrindən biri kimi: regional əməkdaşlıq” mövzusunda panel müzakirəsi aparılacaq.
Bu gün, həmçinin Türk Dövlətləri Təşkilatı Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü iclası keçiriləcək.
6 dəqiqə