XƏBƏRLƏR / İctimaiyyət

Bakıda TDT ailə məsələlərini müzakirə edir YENİLƏNİB

Türk Dövlətləri Təşkilatının Ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazir və qurum rəhbərlərinin ikinci iclası keçirilir

Bakıda TDT ailə məsələlərini müzakirə edir YENİLƏNİB
  • Oxuma müddəti:

    14 dəqiqə

  • 12:18

    Türkiyə çox böyük tarixi olan bir dövlətdir. Orada ailələrlə bağlı görülən işlərin miqyası böyükdür. Bundan əlavə, milyonlarla ailənin problemini həll etmək və bunları da dünyaya örnək göstərmək çətin və vacib işdir. Biz Türk dünyasında ailəni, sadəcə, sosial institut kimi deyil, milli kimliyimizin təməli, sabitliyin, təhlükəsizliyin amili kimi qiymətləndiririk. İstənilən ölkənin siyasətində bu istiqamət ayrıca yer tutur. Zaman sürətlə dəyişir, ailələr sosial media, urbanizasiya, miqrasiya problemləri ilə qarşılaşırlar. Dövlətlər bu problemləri gözardı edə bilməz. Çünki ailə dəyərlərini qorumaq, sadəcə, mədəni deyil, həm də strateji məsələdir.

    Bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Bakıda Türk Dövlətləri Təşkilatının Ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazir və qurum rəhbərlərinin ikinci iclası çərçivəsində keçirilən "Güclü ailələr, güclü toplumlar: TDT ölkələri də ailəni dəstəkləyici siyasətlər" adlı tədbirdə səsləndirib.

    Komitə sədri qeyd edib ki, bütün bu məsələləri həll etmək, ortaq müqavimət formalaşdırmaq üçün Türk Dövlətləri Təşkilatı (TDT) çox güclü platformadır. “Biz qısa müddət ərzində TDT- nin necə sürətlə böyüdüyünün şahidiyik. Ailə siyasəti üzrə ortaq layihələrin reallaşmasına ciddi yanaşırıq. Bu məsələdə ortaq koordinasiya mərkəzinin yaradılması vacibdir. Ailələrlə bağlı layihələrin icrasını vacib hesab edirik. Biz ailələrlə bağlı tədqiqat layihələri həyata keçirməliyik. Türk dünyasında ailələrin hansı problemlərlə qarşılaşdığına dair ortaq baza yaratmalıyıq.

    İnkişaf həyatımızı sürətlə dəyişir. Bu mənada Gənc Ailə Forumu bir çox suallara cavab tapmaq üçün çox yaxşı platformadır. Azərbaycan bu gün postmünaqişə dövrünü, işğaldan azad edilmiş ərazilərimiz isə “yaşıl keçid” dövrünü yaşayır. Yeni insan kapitalının formalaşdırılması ilə bağlı təcrübəmiz Türk dünyası üçün də örnək ola bilər. TDT çərçivəsində ailə anlayışı keçmişin qalığı kimi deyil, gələcəyə aparan mühüm struktur kimi qəbul olunur. Biz əldə etdiyimiz nailiyyətlərin daha sürətli şəkildə tətbiq edilməsi üçün çalışacağıq", - deyə o əlavə edib.

    ***

    12:09


    İyunun 11-də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Qərbi Azərbaycana qayıdış” mövzusunda icra edilən QHT layihələri ilə bağlı ictimai hesabat xarakterli brifinq keçirib.

    Əvvəlcə çıxış edən Agentliyin icraçı direktoru Aygün Əliyeva “Qərbi Azərbaycana qayıdış” mövzusunun artıq 3 ildir Agentliyin qrant müsabiqələrinin prioritet istiqamətlərindən biri olduğunu bildirib. Deyib ki, bu müddət ərzində 50 QHT-nin “İndiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriyə qayıtmasının təmin edilməsi barədə konsepsiya - Qayıdış Konsepsiyası”nın müvafiq müddəaları ilə əlaqədar 54 təşəbbüsü dəstəklənib. Hesabat dövründə Azərbaycan QHT-ləri beynəlxalq kürsülərdə - BMT-nin, ATƏT-in müxtəlif toplantılarında, xarici ölkələrdə bu mövzuda məsələlər qaldırıb, ictimai diskussiyalar açıb, yan tədbirlər təşkil etməyə nail olublar. Ümumilikdə bu tədbirlər ABŞ, Belçika, İspaniya, Rumıniya, Polşa, Türkiyə, Özbəkistan, Qazaxıstan kimi ölkələri əhatə edib: “Qərbi Azərbaycana qayıdış” istiqaməti üzrə QHT-lərin indiki miqyasda fəallığı heç vaxt olmayıb. Azərbaycanın vətəndaş cəmiyyəti təsisatları haqlı olaraq, bu mövzuya Qarabağ və Şərqi Zəngəzurun azadlığından sonra milli ideyanın yeni hədəfi kimi yanaşır, bu ümumxalq arzusunu reallığa çevirmək üçün imkanlarını səfərbər edir”.

    Məlumat verilib ki, Agentliyin 2025-ci il qrant müsabiqəsində “Qərbi Azərbaycana qayıdış: maddi-mədəni irs və hüquqlar” istiqaməti üzrə daha 51 QHT-nin layihəsi dəstəklənib. İl ərzində bu mövzuda beynəlxalq təşkilatlar, Avropa və Türk dünyası regionlarında onlarla konfrans, sərgi və müxtəlif tədbirlər keçiriləcək.

    Agentliyin departament direktoru Elnur Bağırlı qeyd edib ki, builki yeni layihələrdə Qərbi Azərbaycan hekayələrinin daha təsirli vasitələrlə - musiqi, bədii əsərlər, ekran həlləri, sənətkarlıq nümunələri əsasında izahına üstünlük verilməsi müşahidə edilir. “Monitorinq nəticələrimiz də göstərir ki, bu üsullarda təbliğat daha çox diqqət cəlb edir. Yaxın günlərdə “Bizi Birləşdirən Mədəniyyət” İctimai Birliyinin icra etdiyi layihə çərçivəsində “Zəngəzur mahnısı” ictimaiyyətə təqdim olunacaq, radiolarda səslənəcək. Bu musiqi əsərini Azərbaycanın tanınmış sənətkarları ifa ediblər. Aşıqların konsert proqramları da Qərbi Azərbaycan nisgilini çatdıracaq. "Dədə Ələsgər Ocağı" İctimai Birliyinin “Ustad Ələsgərin Göyçə harayı – Vətənə sarı”, "Ozan Dünyası" Aşıq Yaradıcılığının Təbliği İctimai Birliyinin “Aşıqlar Qərbi Azərbaycanı tərənnüm edir”, Azərbaycan Aşıqlar Birliyinin “Qərbi Azərbaycan aşıqlarının dastan repertuarı” layihələri bu qəbildəndir. Bundan başqa, "Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım" İctimai Birliyi Özbəkistanda Qərbi Azərbaycan mövzusunda sərgi təşkil edəcək”, - deyə o vurğulayıb.

    Qeyd olunub ki, QHT-lərin layihələri çərçivəsində “Qərbi azərbaycanlıların Qars köçü” mövzusunda sənədli film də hazırlanır. Azərbaycan Ədəbiyyatı Fondu isə “Qərbi Azərbaycan əsərlərdə” layihəsi çərçivəsində yeni bədii əsərin təqdimatını edəcək.

    Bildirilib ki, “Elmi Araşdırmalar” İctimai Birliyinin “İrəvan: hər daşı tarix”, "Dünya Gənc Türk Yazarlar" İctimai Birliyinin “Türk dünyasında Qərbi Azərbaycan mövzusu” və digər layihələr Qərbi Azərbaycanın maddi-mədəni irsinə qarşı vandalizmin hüquq müstəvisində və digər aspektlərdən qiymətləndirilməsinə töhfə verəcək.

    Brifinq çərçivəsində “Qərbi Azərbaycana qayıdış” mövzusunda Agentliyin dəstəyi ilə ərsəyə gətirilmiş layihələrin nəticələrinə dair sərgi də təşkil olunub. Qeyd edilib ki, bu mühüm xətt üzrə son illər QHT-lər 200-dən çox məqalə ilə çıxış edib, 15 kitab nəşr edib. “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin “İrəvan: tariximiz, torpağımız, taleyimiz”, “Kainat” Milli-Mənəvi Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyinin “İrəvan: tarixi həqiqətlər və şəxsiyyətlər” kitabları bu qəbildəndir.

    Sərgidə təqdim olunan materiallarda Qərbi Azərbaycan mövzusu tarixi ədalət, qayıdış hüququ, fundamental insan hüquqları, etnik təmizləmənin ifşası, monoetnik dövlətdə siyasi və hüquqi mübarizə obyekti, regionda sabitliyə töhfə verən konsepsiya kimi təqdim edilib.

    Sonda Qərbi Azərbaycan mətbəxinə dair qənnadı nümunələri iştirakçılara təqdim olunub.

    ***
    12:05

    Texnologiyanın sürətlə inkişaf etdiyi müasir dövrdə ailənin təməlinin zəiflədiyinin şahidi oluruq. Sosial təcrid, ailədaxili münasibətlərin səthiləşməsi və fərdiləşmənin artması ailə institutuna birbaşa təsir göstərir. Şimali Kipr Türk Cümhuriyyətində bu təsirlərin qarşısını almaq üçün ailəyə yönəlik sosial dəstək proqramları həyata keçirilir.

    Bu sözləri Şimali Kipr Türk Cümhuriyyətinin əmək və sosial müdafiə naziri Sadık Qardiyanoğlu Göktaş Bakıda Türk Dövlətləri Təşkilatının Ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazir və qurum rəhbərlərinin ikinci iclası çərçivəsində keçirilən "Güclü ailələr, güclü toplumlar: TDT ölkələri də ailəni dəstəkləyici siyasətlər" adlı tədbirdə söyləyib.

    O qeyd edib ki, xüsusilə ailə dəyərlərinə zidd düşüncələrin yayılmasının qarşısını almaq vacibdir. Ailənin mahiyyətini zəiflədən bu cür meyillərlə mübarizə aparmaq üçün həm maarifləndirmə, həm də qanunvericilik tədbirləri həyata keçirilir. Rəqəmsallaşmanın gətirdiyi mənfi təsirləri azaltmaq, ailə münasibətlərini texnologiyanın təsirindən qorumaq üçün spesifik strategiya hazırlanır.

    “Eyni zamanda, uşaq sahibi olmağı təşviq edən modellər üzərində işləyirik. Gənc ailələrin uşaq sahibi olmasını dəstəkləmək üçün maddi və psixososial dəstək mexanizmləri tətbiq edirik.

    Qadınların həm güclü iş qadını, həm də fədakar ana ola bilmələri üçün uyğun sosial siyasətlər həyata keçiririk. Onların iş həyatında irəliləmələri ilə ailə həyatında balans yaratmaları üçün dəstək proqramları mövcuddur. Bu istiqamətdə son illərdə bir çox layihələr həyata keçirilib”,-deyə nazir vurğulayıb.

    Sadık Qardiyanoğlunun sözlərinə görə, bütün dünyada son 5 ildə boşanma hallarının sayının əhəmiyyətli dərəcədə artması müşahidə olunur. Bu artım yalnız ailə institutuna deyil, həm də cəmiyyətin iqtisadi və psixoloji dayanıqlılığına mənfi təsir göstərir. Buna görə də ailə münasibətlərinin möhkəmləndirilməsinə yönəlik preventiv və bərpaedici siyasətlər hər kəs üçün prioritet sahələrdəndir.

    ***

    11:46

    Türk dünyasının ortaq dəyərlərindən biri olan ailə yalnız toplumların təməli deyil, eyni zamanda, millətlərin gələcəyidir. Ailə hər bir fərdin mənəvi dayağı, mənsub olduğu cəmiyyətlə bağlarını gücləndirən əsas sütundur. Onu qorumaq və gələcək nəsillərə ötürmək hər kəsin mənəvi borcudur.

    Bu sözləri Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş Bakıda Türk Dövlətləri Təşkilatının Ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazir və qurum rəhbərlərinin ikinci iclası çərçivəsində keçirilən "Güclü ailələr, güclü toplumlar: TDT ölkələri də ailəni dəstəkləkləyici siyasətlər" adlı tədbirdə deyib.

    O qeyd edib ki, 2025-ci ilin Türkiyədə “Ailə ili” elan olunması bu sahədə Türkiyənin məsuliyyətini və ailəyə verilən əhəmiyyəti bir daha göstərir.

    “Bu gün burada, qardaş Azərbaycan torpağında təşkil olunan və artıq ikinci dəfə keçirilən bu mühüm iclasda müzakirə ediləcək məsələlər ortaq problemlərimizin həllində bizlər üçün bir istiqamət olacaq. Evlilik yaşının getdikcə yüksəlməsi, boşanma hallarının sayının artması təkcə sosial sahəyə deyil, iqtisadi və mənəvi sahələrə də ciddi təsir göstərir. Bu problemlər ailə dəyərlərinin aşınmasına, evlilik və valideynlik kimi anlayışların dəyərdən düşməsinə gətirib çıxarır”, - deyə nazir vurğulayıb.

    Mahinur Özdemir Göktaşın sözlərinə görə, uşaqların psixososial inkişafına mənfi təsir edən problemlərin həllinə kompleks yanaşma vacibdir. Bu səbəbdən günümüzün reallıqlarına uyğun, qabaqlayıcı və əhatəli sosial siyasətlərin formalaşdırılması və tətbiqi prioritet məsələlərdəndir.

    “Türkiyə olaraq ailə və sosial siyasət sahəsində bir sıra mühüm addımlar atırıq. Gənclərə evlilik öncəsi təlimlər, ailə psixologiyası dəstəkləri, iqtisadi təşviqlər ilə bağlı uzunmüddətli proqramlar həyata keçiririk. Xüsusilə gənc cütlüklərə dəstək məqsədilə güzəştlər və stimullaşdırıcı tədbirlər tətbiq edilir. Məqsədimiz ailənin rifahını və cəmiyyətin dayanıqlı inkişafını təmin etməkdir”, - deyə Türkiyənin ailə və sosial xidmətlər naziri əlavə edib.

    Qeyd edək ki, Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazir və qurum rəhbərlərinin ikinci iclasının açılış mərasimi keçirilir.

    "Müasir cəmiyyətdə qadının rolu: dayanıqlı inkişaf və ənənəvi dəyərlər" mövzusuna həsr olunmuş tədbirdə təşkilata üzv ölkələrin rəsmi nümayəndələri iştirak edirlər.

    İki gün davam edəcək tədbirin ilk günündə TDT-yə üzv ölkələrin nümayəndə heyətlərindən ibarət ekspertlərin iştirakı ilə “Güclü ailələr, güclü toplumlar: TDT ölkələrində ailəni dəstəkləyici siyasətlər” və “Orta Dəhliz 360 dərəcə: Geosiyasətdən rəqəmsal transformasiyaya, ailədən yaşıl inkişafa” kimi mövzular müzakirə ediləcək.