Şuşa xəstəxanasının tikintisi yaxın vaxtlarda başa çatacaq
Şuşada TDT səhiyyə nazirlərinin IV iclası keçirilir YENİLƏNİR
12:51
Yaxın vaxtlarda Şuşa şəhər xəstəxanasının tikintisi başa çatacaq. Bu, Şuşada tibb xidmətinin daha yüksək səviyyədə təşkil olunmasına şərait yaradacaq.
Bunu Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV iclasında deyib.
A.Kərimov bildirib ki, Vətən müharibəsindən sonra Qarabağda və Şərqi Zəngəzurda bərpa-quruculuq işlərinə start verildi. Burada yüksək səviyyəli səhiyyə xidmətləri göstərilməsi üçün müvafiq tədbirlər görülməyə başlanıldı. Azərbaycan həkimləri fədakarlıq və əzm göstərərək ilk gündən Şuşada fəaliyyətə başlayıb. Artıq dördüncü ildir ki, Şuşada, Qarabağda və Şərqi Zəngəzurun digər bölgələrində həkimlər uğurla xidmət göstərirlər.
***
12:35
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında “Türktransplantın təsis edilməsinə dair Niyyət Protokolu” imzalanıb.
Mərasim Türk Dövlətləri Təşkilatı və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə TDT-yə üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin Şuşada keçirilən IV iclası çərçivəsində baş tutub.
Sənəd Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan arasında imzalanıb.
***
11:39
Türk Dövlətləri Təşkilatının və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə Şuşa şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV iclası keçirilir.
Tədbirdə TDT-nin Baş katibi, üzv və müşahidəçi ölkələrinin səhiyyə nazirləri, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi, həmçinin müxtəlif ölkələrdən dəvət olunan elm adamları iştirak edirlər.
Tədbir çərçivəsində TDT-nin üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin ikitərəfli memorandumlarının, “Türktransplantın yaradılmasına dair Niyyət Protokolu”nun imzalanması nəzərdə tutulur.