Siyasi sığınacaqla bağlı şikayət təmin edilmədi
Puya Purhemməti İrana deportasiya oluna bilər
Bu barədə "Turan"a Purhemməti özü bildirib.
"Məhkəmədə deyilənlər mənə gülünc gəldi. Guya mən siyasi qaçqın deyiləm, Azərbaycan (İran Azərbaycanı - red.) Demokrat Partiyasının üzvü deyiləm. Sonra dedilər ki, guya İran Azərbaycanında yaşayanların Azərbaycan Respublikasına dəxli yoxdur. Mən isə sual etdim ki, necə olur, biz İranda Azərbaycanın BMT tərəfindən tanınan ərazi bütövlüyü ilə bağlı aksiyalar keçirəndə, Rusiya silahları İran ərazisi ilə Ermənistana daşınanda etiraz aksiyası edəndə bir xalq idik, indi yox? Nədən indi İranda yaşayan azərbaycanlıların Azərbaycan Respublikasına dəxli yoxdur? Hakimin özü də məni çox yaxşı başa düşürdü. Amma şikayətimi təmin etmədi",- deyə o, qeyd edib.
Puya Purhemməti məhkəmənin qərarından apellyasiya şikayəti verəcəyini bildirib. "Buna baxmayaraq mənim İrana deportasiya olunmamla bağlı təhlükə qalmaqdadır. İrana deportasiya olunsam orada mənim edam gözləyir. Bu səbəbdən dünyada insan hüquqlarını, BMT-nin İnsan Halqarı Deklarasiyasını özləri üçün prioritet sayan ölkələrə müraciət edərək məni ölümün pəncəsindən xilas etməyə çağrırıam", - deyə o, qeyd edib.
* 2023-cü ilin oktyabrında Purhemməti qadınların hicab taxması məcburiyyətinin ləğvi uğrunda hərəkatı dəstəklədiyinə görə təqibdən qorxaraq İrandan Azərbaycana qaçıb.
O, Azərbaycanda saxlanılıb və 2 aylıq ilkin həbsə məhkum edilib. Lakin sonradan Purhemməti həbsdən azad edilib və sərhədi qanunsuz keçdiyinə görə cərimə olunub.