Qarabağ separatçılarının məhkəməsi davam edir YENİLƏNİB
1988-1989-cu illərdə Şuşa, Xankəndi, Xocalı, Ağdərə, Şahbuz, Qazax və digər ərazilərdə azərbaycanlılara qarşı cinayətlər törədilməsi ilə bağlı sənədlər tədqiq olunur

16:24
Sentyabrın 8-də Bakı Məhkəmə Kompleksində məhkəmə prosesi sənədlərin tədqiqi ilə davam etdirilib.
Bildirilib ki, elan ediləcək sənədlər epizodlar üzrə tədqiq olunacaq.
Elan olunan sənədlərdən biri 1988-ci il fevralın 22-də azərbaycanlılara məxsus “QAZ-21” markalı dövlət qeydiyyat nişanlı avtomobilin atəşə tutulması faktı üzrə olub. Bildirilib ki, həmin vaxt avtomobildə L.F.Mamedov, A.M.Abdullayev, A.M.Xudiyev, Ş.B.Salmanova və onun azyaşlı övladı olub.
Növbəti sənədlər Sarkisyan Armen Qriqoryeviçin odlu silah və partlayıcı qurğu əldə edərək saxlaması, Saiyan Artur Aşotoviçin partlayıcı maddələri əldə etməsi və saxlaması, Şuşa və Xankəndi şəhərində baş vermiş kütləvi iğtişaş faktları üzrə olub. Zərərçəkmiş şəxs qismində dindirilmiş Abbasova Zenfira Babur qızı ifadəsində göstərib ki, 2 oğlu ilə birlikdə Xankəndi şəhərində yaşayıb. 1988-ci ildə onlar hər gün ermənilərin hədələrinə məruz qalıb. “Rədd olsun Azərbaycan, yaşasın erməni xalqı” şüarları səsləndirərək, onların evlərini yandırmaqla hədələyib çıxıb getmələrini bildiriblər. Onun yaşadığı binada yaşayan Ayrapetyan Slavik bir neçə dəfə onu təhdid, təhqir edib, yaşadığı ərazidən çıxıb getmələrini istəyib. 1988-ci il sentyabrın 18-də yaşadığı ev dağıdılıb.
Elan olunan növbəti sənədlər 1988-ci il sentyabrın 18-19-da Şuşa, Xankəndi və Xocalıda kütləvi iğtişaşlar törədilməsi faktı üzrə olub.
Digər sənədlər Xankəndi şəhərində azərbaycanlı sakinlərin yaşadığı evlərin, mənzillərin yandırılması və digər faktlar, 1988-ci il sentyabrın 21-dən oktyabrın 21-dək Xankəndi şəhərində evlərin yandırılması və talanması, 1988-ci il noyabrın 22-də Şərur rayon sakinlərinin xəsarət alması, Sədərək rayonuna silahlı basqın edilməsi nəticəsində 3 nəfərin xəsarət alması, Şərur rayon Su qovşağı istismarı idarəsinin yandırılması faktları, Xankəndi Pedaqoji İnstitutunun 3-cü kurs tələbəsi Danelyan Norayla Eduardoviç barəsində cinayət işi, həmçinin 1989-cu il yanvarın 10-da Qurbanov Ələkbər Paşa oğlunun öldürülməsi, Xankəndi şəhər sakini Əsədova Ofeliya Yusif qızının yaşadığı mənzilindən qovulması, avtomobil karvanının Ağdərə ərazisində saxlanılaraq azərbaycanlılara xəsarət yetirilməsi və digər faktlar, Xankəndi şəhərində ictimai qaydanı kobud şəkildə pozmaqla avtomobillərə zərər vurulması, Qazax rayonunun Barxudarlı kəndinin atəşə tutulması, 1989-cu il avqustun 10-da Şahbuz rayonunda obalara basqın edilməsi, Şərur rayonunun Günnüt kəndində torpaq yolda partlayıcı maddə basdırılması və digər faktlarla bağlı olub.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
***
11:45
Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir.
Proses Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə baş tutur.
Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.
Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Saakyan Bako Saaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.