Vaqif Xaçaturyan Azərbaycan xalqından üzr istədi
O, Xocalı (keçmiş Əsgəran rayonu ərazisində) rayonunun Meşəli kəndində yerli azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımda ittiham olunur
“Vaqif Xaçaturyan, qardaşı və digərləri Meşəli kəndinə hücum etmişdilər. Vaqif orada olmadığını yalandan deyir”.
Bunu qanunsuz erməni silahlı birləşmələrinin tərkibində 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçaturyanın məhkəməsində iş üzrə zərərçəkmiş qismində ifadə verən Çərkəz Mehrəliyev deyib.
O, ermənilərin kəndə hücumu nəticəsində anasının, bacısının və qızının xəsarət aldığını söyləyib: “Onlar dinc əhaliyə hücum etmişdilər. Vaqif, qardaşı və digərləri də orada idi. Onların azərbaycanlılara nifrət edirdilər. Ermənilər deyirdilər ki, torpaq, kənd bizimdir və buradan çıxıb gedin. Yaylaqda dərman verib mal-qaramızı da qırmışdılar”.
Vaqif Xaçaturyan məhkəmədə günahsız olduğunu deyib: “Dədəmin adı da Çərkəz olub. Mən heç kimə heç nə etməmişəm”.
Zərərçəkmiş isə ona cavab verib: “Sən yalandan danışırsan. Niyə edirdiniz? Bizdən sizə qarşı güllə atan olub?
Prosesdə Baş prokurorun böyük köməkçisi, 3-cü dərəcəli dövlət ədliyyə müşaviri Müqəddəs Sultanov Vaqif Xaçaturyana sual verib: “Siz burada ifadələrinizdə orada olmadığınızı deyirsiniz. Təklikdə olan zaman nələrdəsə özünüzü günahkar bilirsinizmi?”
Vaqif Xaçaturyan isə suala cavabında söyləyib: “Mən bizimkilər tərəfdən olanlara görə Azərbaycan xalqından üzr istəyirəm”.
Meşəli hadisələrində zərərçəkmiş, şəhid Milli Qəhrəman Kamil Eyyubovun hüquqi varisi Esmira Eyyubova deyib ki, həyat yoldaşı könüllü olaraq orduya yazılıb: "Ermənilərin azərbaycanlılara qarşı Qarabağda törədikləri cinayətlərdən sonra yoldaşım könüllü olaraq cəbhəyə getdi. Meşəli hadisələrində ağır yaralanmışdı, mühasirəyə alıb şəhid ediblər".
Daha sonra ifadə verən zərərçəkmiş Meşəli sakini Qərib Cəbiyev deyib ki, hadisələr zamanı 10 yaşı olub. Zərərçəkmiş bildirib ki, ermənilər kəndə hücum edəndə çaydan keçib və ayaqları donub: "Üç ay müalicə aldım. Vaqif deyir ki, həmin hadisələrdə iştirak etməyib, elə deyil”.
O, Meşəliyə hücumda Badara kəndindən olan qadınların da iştirak etdiyini deyib: “Onların qadınları da gəlmişdilər. Kəndi talan edirdilər. Biz hər vəhşiliyi görmüşük. Atam kənddə qaldı döyüşdü, biz isə meşə yolu ilə kənddən çıxdıq. Həmin hadisələr zamanı anam Solmaz da xəsarət alıb. Atam sonradan danışanda hücum edənlərdən Vaqifin, qardaşının adını çəkirdi".