XƏBƏRLƏR / Neft və Qaz

SOCAR ilin ikinci rübünün nəticələrini açıqlayıb

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) xəbər verir

SOCAR ilin ikinci rübünün nəticələrini açıqlayıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Cari ilin ikinci rübündə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 21,6 min metr qazma işləri həyata keçirilib. Qazma işləri ötən ilin analoji dövrü ilə müqayisədə 14,7% artıb.

    SOCAR-dan verilən məlumata görə, şirkətin müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlardan 1,9 milyon ton neft, 1,8 milyard kubmetr qaz hasil olunub.

    Ölkə üzrə qaz hasilatı 2023-cü illə müqayisədə təxminən 5,2% artaraq, ikinci rüb üzrə 12,5 milyard kubmetr təşkil edib. Ümumilikdə isə, cari ilin ikinci rübü üzrə Azərbaycanda 7,2 milyon ton5 xam neft hasil olunub.

    Hesabat dövründə SOCAR tərəfindən xarici bazarlara ixrac edilən neft həcmləri təxminən 4,2 milyon ton təşkil edib. Buraya şirkətin öz imkanları ilə çıxardığı neft həcmləri ilə birlikdə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq konsorsiumlar tərəfindən hasil olunan neftin Azərbaycan dövlətinə və SOCAR-a məxsus mənfəət payları da daxildir. Ölkə üzrə təbii qaz ixracı isə 9,2% artaraq 6,2 milyard kubmetr olub. Hesabat dövründə ölkə üzrə təbii qazın istehlakı 2,3 milyard kubmetr təşkil edib.

    Cari ilin ikinci rübündə SOCAR tərəfindən 1,5 milyon tondan çox neft, 862 milyon kubmetrdən çox qaz emal edilib. Emal olunan qaz həcmləri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 0,6% artıb. SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunan 659 min tondan çox neft, neft-kimya və qaz-kimya məhsulları xarici bazarlara ixrac edilib. İxrac olunan neft, neft-kimya və qaz-kimya məhsulları ötən ilin analoji dövrü ilə müqayisədə 8% artıb.