"Şofer Əhməd"in həyatı təhlükəsi davam edir
Bu barədə aktyor Elxan Qasımovu əməliyyat edən həkim Özgür Koçamaz bildirib
Əməkdar artist Elxan Qasımovu əməliyyat edən həkim Özgür Koçamaz bildirib ki, reanimasiyadan çıxdıqdan sonra səhhətində irəliləyiş olarsa, 1 həftə müddətində ayağa qalxma ehtimalı var.
Aktyorun qızı Kəmalə Qasımova ANS Press-ə bildirib ki, atasının səhhətində yaxşılığa doğru cüzi irəliləyiş var. "Huşu özündədir, lakin bəzi prosedurlara görə süni yatızdırırlar".
Xatırladaq ki, Əməkdar artist Elxan Qasımov özəl xəstəxanaların birində təcili əməliyyat olunub. Ailəsindən aldığımız xəbərə görə, Elxan Qasımova aorta anevrizması (genişlənməsi) diaqnozu qoyulub.
Qeyd edək ki, ürəkdən birbaşa çıxan və bütün orqanlara təmiz qan daşıyan ən böyük damar olan Aorta ürəkdən çıxdıqdan sonra vücuda dağılan qanı pompalayan ana arteriyadır. Diametri ürəkdən çıxdığı qisimdə təxminən 2,5 sm-dir. Lakin müxtəlif səbəblərə görə Aortanın diametri arta və genişlənə bilər. Yəni Anevrizma yaranar.
Anevrizmalar illər boyu heç bir şikayətə yol vermədən yarana bilər və böyüyə bilər. Lakin əksərən anevrizma kisəsinin ətraf toxumalara təzyiqi və sinir kələflərinin gərilməsi döş nahiyəsində pulpasiya, döş sümüyü arxasında ağrı ilə müşayiət olunur. Ağrı inadlı, yandırıcı xarakterli olub, boyun, çiyin və kürəyə irradiasiya edir.
Müəyyən zaman sonra Anevrizmaların daha da genişlənərək yırtılma ehtimalı var. İçəriyə doğru yırtılma və partlama çox təhlükəli patologiyalardır.
Elxan Qasımov xəstəxanaya qanaxma ilə aparılıb və təcili əməliyyat olunub.
Qeyd edək ki, Azərbaycan tamaşaçısı Elxan Qasımovu əsasən "Əhməd haradadır" bədii filmindən şofer Əhməd rolu ilə tanıyır.