20:25
İsveçin paytaxtı Stokholmun mərkəzində İraqdan olan 37 yaşlı mühacir Salvan Momika müqəddəs "Quran" kitabını yandırıb.
Aksiya Stokholm polisinin icazəsi ilə həyata keçirilib. Salvan Momika "Quran"ın vərəqlərini cırıb, onlarla ayaqqabılarını silib, daha sonra kitabı yandırıb. Stokholm məscidi yaxınlığında baş tutan aksiyanı media nümayəndələri də daxil olmaqla 200-dən çox insan izləyib.
Həmin şəxs İsveç himnini də oxuyub və ölkənin bayrağını dalğalandırıb. Orada olanlardan bəziləri Salvan Mömikin ünvanına təhqirlər səsləndiriblər. İzləyən şəxslətdən biri daş atmağa çalışıb, o, polis tərəfindən saxlanılıb.
Polis tədbirin təşkilatçısına qarşı dini ədavətin qızışdırılması, eləcə də od yandırmaq qadağasını pozmaq ittihamı ilə protokol tərtib edib. Nəşrin məlumatına görə, aksiyadan əvvəl polis ictimai yerdə od yandırmağa görə cərimə olunacağı barədə xəbərdarlıq edib.
Türkiyənin xarici işlər naziri Hakan Fidan İsveçdə Qurana edilən hücuma sərt reaksiya verib. "Mən bu alçaq hərəkəti qınayıram. İfadə azadlığı bəhanəsi ilə İslama zidd bu hərəkətlərə icazə verilməsi qəbuledilməzdir", - o qeyd edib.
Xatırladaq ki, yanvarın sonunda Türkiyənin Stokholmdakı səfirliyinin qarşısında "Quran" kitabı yandırılıb. Bundan sonra Türkiyə İsveçin NATO-ya daxil olmasına razılıq verməyəcəyini açıqlayıb.
***
İsveçin paytaxtı Stokholm şəhərində polis Quranın yandırılması aksiyasına icazə verib.
Bu barədə “Radio Sweden” məlumat yayıb.
Aksiya təşkilatçıları onu məscidin yanında keçirməyi planlaşdırır.
Qeyd edək ki, bundan əvvəl şəhər polisi bu tip aksiyaya icazə verməkdən imtina edib, lakin aksiya təşkilatçılarının müraciət etdiyi məhkəmə icazənin verilməməsi qərarını səhv adlandırıb.
Xatırladaq ki, bu il fevral ayının əvvəlində Stokholmda Türkiyə və İraq səfirlikləri qarşısında Quranın yandırılmasını təşkil etməyə hazırlaşan aksiya təşkilatçıları polisə müraciət edib, lakin bu tip aksiyaların əvvəllər ölkəyə qarşı təhdidlərə səbəb olduğunu və yeni aksiyaların terror aktları riskini ciddi şəkildə artıracağını əsas gətirərək onlara imtina verilmişdi.