Sudan: Növbəti atəşkəs cəhdi də iflasa uğrayır
Bu barədə Euronews telekanalı xəbər verib
Sudanda atəşkəs rejiminə nail olmaq istiqamətində göstərilən sayca yeddinci cəhd də iflasa uğrayır.
Euronews telekanalı xəbər verir ki, ABŞ və Səudiyyə Ərəbistanının vasitəçiliyi ilə dünən elan olunan yeddi günlük atəşkəs rejimi qüvvəyə mindikdən az sonra Sudanda yenidən atəş səsləri eşidilib. Xartum şəhərində və digər yerlərdə aviasiya zərbələri və toqquşmalar barədə məlumatlar yayılıb.
Atəşkəsin qüvvəyə minməsi ərəfəsində münaqişə tərəflərini döyüşləri dayandırmağa çağıran BMT-nin Sudan üzrə xüsusi nümayəndəsi Folker Pertes bunun ehtiyacı olanlara humanitar yüklərin çatdırılması və insanların hərbi əməliyyatlar zonasını təhlükəsiz tərk etməsi üçün vacib olduğunu bildirib.
Əvvəlkilərdən fərqli olaraq, budəfəki atəşkəs rejiminə 12 nəfərlik komitə nəzarət edəcək. Komitəyə münaqişə tərəflərinin, həmçinin ABŞ və Səudiyyə Ərəbistanının hər birindən üç nəfər daxil olacaq.
Aprelin 15-də Sudanda ordu birləşmələri və çevik reaksiya qüvvələri arasında başlayan silahlı qarşıdurma nəticəsində indiyədək minə yaxın insan həlak olub, bir milyondan çox insan isə qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.