Sülhməramlıların iki avtomobil karvanı Laçın yolundan keçdi
Ermənistan mətbuatında yayılan və etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları xəbəri növbəti dezinformasiyasıdır
Laçın-Xankəndi yolunda təşkil olunan aksiyanın 45-ci günündə də Rusiya sülhməramlılarına məxsus avtomobillər aksiya ərazisindən maneəsiz keçirlər. Bu dəqiqələrdə sülhməramlılara məxsus birində 9, digərində isə 10 avtomobil olan iki təminat-təchizat karvanının Xankəndidən Laçın istiqamətinə sərbəst hərəkəti təmin edilib. Ümumilikdə gün ərzində bu saata qədər sülhməramlıların 22 avtomobilin maneəsiz keçməsinə şərait yaradılıb.
Bu, bir daha onu göstərir ki, heç də siyasi xarakter daşımayan aksiya humanitar məqsədlərə xidmət edir. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.
Qeyd edək ki, ötən il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Azərbaycanın İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. Buna etiraz olaraq, azərbaycanlı ekofəallar Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda dekabrın 12-dən dinc aksiyaya başlayıblar.