Sülhməramlıların Qarabağda "biznes"i
Bir erməni Xankəndinə giriş-çıxışı üçün rus hərbçisinə min dollar verir
Qarabağdakı sülhməramlılar əməlli-başlı pul “kəsirlər”.
Düzü, elə bilirdim, Xankəndidən çıxmaq üçün ermənilər pul vermirlər. Yanılmışam...
“Novoya qazeta”nın əməkdaşının yazdığına görə, Qarabağa səfər zamanı jurnalistlər Rusiyanın sülhməramlı qüvvələrinin nəzarətində olan postları keçmək üçün rus hərbçilərinə adambaşına 150 min dram (657 AZN – red.) “tərləməlidir”. Qarabağın erməni sakinləri Xankəndidən çıxıb-girməyə 1000 dollara yaxın pul verirlər.
Qəzet yazır ki, Xankəndidə un, çörək, yağ, digər ərzaq məhsulları var. Amma qiymətlər çox bahadır. Xankəndi sakini Qayane Arustamyanın dedikləri:
“Bu məhsulları bizə gətirmək çox bahadır. Hər maşın üçün bir neçə min dollar ödəməlisən. Birdən mağazalarda nəsə peyda olur və biz öyrənirik ki, bunu Rusiya sülhməramlıları gətirib. Onlar maşınları ilə gedib-gələ bilirlər, onlar yol verirlər. Elə bilirsiniz, sülhməramlılar humanitar yardım gətirirlər? Bir-iki şey pulsuz verilir, lakin ərzaqlar əsasən mağazalara gedir. İstənilən dilerdən soruşun ki, bu şey niyə bu qədər bahadır? Sizə izah edəcəklər ki, sülhməramlılar hər maşın üçün bir neçə min dollar alırlar.
Toyuq əti ümumiyyətlə yoxdur, amma ət sərbəstdir, yerli olduğu üçün sadəcə bahalaşıb, kiloqramı 4400 dramdır (20 AZN - red.).
Əsas ərzaqlar üçün kuponlarımız var. Kərə yağı, düyü, dənli bitkilər, yumurta - bunların hamısı kifayət qədər miqdarda kuponlarda var. İndicə mağazaya gedib iki kiloqram düyü, iki kiloqram şəkər tozu və bir kiloqram qarabaşaq yarması aldım. Bunu bir ay ərzində istifadə edə bilərik. Tərəvəz və meyvələri də talonla normal qiymətə ala bilərsiniz, amma qalan hər şey çox bahadır. Məsələn, portağal talonla 550 dram (2,37 AZ-red.), talonsuz isə 1500 (7 AZN-red.). Alma ümumiyyətlə qalmayıb, amma 10 gün əvvəl iki kiloqram almağı bacardım”.
Başqa sakin – Nara deyir ki, satışda olan qiymətlərdən şoka düşüb. "İrəvanda alma 150 dram idisə (0,65 AZN-red.), burada 3000 dramdır (13 AZN-red.). Amma indi ümumiyyətlə alma yoxdur. İrəvandan 400 drama (1,70 AZN-red.) kivi almışam, burada isə 3500-dür (15 AZN-red.).
Dostlarım Rusiya sülhməramlıları vasitəsilə İrəvana və geri qayıdırdılar. Mənə fərqli qiymətlər verdilər, adambaşına min dollara qədər. Getdikcə də bahalaşır. Bir qonşumuz sülhməramlılara 1000 dollar verib ki, İrəvana getsinlər...
Sənədlərimiz sülhməramlıların bazasının yerləşdiyi Gorusda ilişib qalır. Bəzən 1 aya qədər… Xocalı aeroportunda sülhməramlılarla danışmaq lazımdır, onların bazası var. Amma bunu təşkil edən erməni dostunuz olmalıdır. Mənim sülhməramlılardan keçmək üçün o qədər pulum yoxdur.
Mağazalarımızda görünən məhsullar da Rusiya sülhməramlı qüvvələri tərəfindən gətirilir. Gətirib baha-baha verirlər. Bu qurulmuş biznesdir".
Bunu Xankəndi erməniləri rusiyalı jurnalistə deyiblər. Gör 104 gün ərzində Xankəndidən nə qədər erməni əsillilər çıxıb qayıdıb... 4000-dən çox maşın gedib. Hamısı da, dediklərinə görə, ərzaq ilə dolu olub. Mən hələ hərbi silah-sursat daşıyan maşınları demirəm. Bu başqa mövzudur...
İndi baxın da... Bir yandan qorxu, bir yandan aclıq, ərzaq qıtlığı, bahalıq, bir yandan da rus hərçbilərinin soyğunçuluğu... Lazımdır sizə bu qədər pulu ödəmək? Yaxud nə qədər ödəyəcəksiniz? Dibi suda deyil axı. Bir gün pulunuz da qurtaracaq, rus sülhməramlı "biznesmen"lərinin Qarabağda missiyası da. Onda bizimkilərin ayağına düzəcəksiniz...