XƏBƏRLƏR / Hadisə

Sumqayıtda baş verən partlayışda xəsarət alanların adları

YENİLƏNİR

Sumqayıtda baş verən partlayışda xəsarət alanların adları
  • Oxuma müddəti:

    3 dəqiqə

  • 16:39

    Sumqayıt şəhərində baş verən partlayış nəticəsində xəsarət alan şəxslərin kimlikləri müəyyənləşib.

    Hadisə zamanı müxtəlif dərəcəli yanıq xəsarətləri alan şəxslər arasında qaynaqçı kimi çalışan 1984-cü il təvəllüdlü Bəşirov Oqtay Əli oğlu və 1976-cı il təvəllüdlü Behbudov Nahid Qürbət oğlu da var.

    Hər iki şəxs gövdə və sol aşağı ətraf nahiyələrindən 1-ci, 2-ci və 3-cü dərəcəli termiki yanıq xəsarətləri alıblar.

    Çilingər işləyən 1979-cu il təvəllüdlü Salahov Təbriz İnqilab oğlunun isə üzünün sağ yarısı və sol ayağı müxtəlif dərəcəli termiki yanıq xəsarətləri alıb.

    Bundan əlavə, 1963-cü il təvəllüdlü Muxtarov İlham Muxtar oğlu və 1984-cü il təvəllüdlü Əzimov Ramiz Çaparxan oğlu üz və boyun nahiyələrindən 1-ci və 2-ci dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya müraciət ediblər.

    Yaralılar Sumqayıt şəhər TTYX-ya çatdırılıb. Onlardan vəziyyəti ağır qiymətləndirilən Oqtay Bəşirov, Nahid Behbudov və Təbriz Salahov Bakı şəhərində yerləşən 5 saylı xəstəxananın yanıq şöbəsinə köçürülüblər.

    ***

    15:03

    20 may 2025-ci il tarixində saat 12:00 radələrində “Azərikimya” İstehsalat Birliyinin Etilen-polietilen zavodunda istehsalatın sintez sahəsində, B texnoloji xəttində aşağı təzyiq ayrıcısında reqlamentə uyğun təmir işi apararkən hadisə baş verib.

    Bu barədə SOCAR-dan bildirilib.

    Məlumata görə, hadisə nəticəsində 5 nəfər xəsarət alıb, 2 nəfər ambulator xidmət göstərilərək eve buraxılıb. Xəsarət alan 3 şəxs xəstəxanaya yerləşdirilib.

    "Hadisənin başvermə səbəbi araşdırılır", - məlumatda qeyd olunur.

    ***

    13:45

    Sumqayıt şəhərində baş verən partlayış səbəbilə mayın 20-də saat 12:20 radələrində 5 nəfər (kişi cinsli) Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.

    Bu barədə TƏBİB-dən bildirilib.

    "Müxtəlif dərəcəli yanıq xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti ağır qiymətləndirilən üç nəfər Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunur. Digər iki nəfərin müalicəsi isə müvafiq şöbədə davam etdirilir, vəziyyətləri orta ağırdır", - məlumatda deyilir.

    ***

    13:02

    Sumqayıt şəhərində yerləşən sənaye müəssisələrindən birində partlayış baş verib. Hadisə şəhərin sahil küçəsində yerləşən zavodlardan birində qeydə alınıb.

    Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin qüvvələri, Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb olunub. Hadisə nəticəsində ilkin məlumata görə, üç nəfər xəsarət alıb.

    Hazırda partlayışın səbəbləri araşdırılır, ərazidə təhlükəsizlik tədbirləri görülməkdədir.