Suriyada amerikalı hərbçilər güllələnib YENİLƏNİB
Bu barədə Qərb agentlikləri məlumat yayıb
08:02
ABŞ hərbi qulluqçuları amerikalı polkovnik-leytenantla Suriya Daxili İşlər Nazirliyinin nümayəndəsi arasında görüş zamanı hücuma məruz qalıb.
Bu barədə Amerika rəsmisinə istinadən "Wall Street Journal" (WSJ) məlumat yayıb.
"Hücum əsgərlər yerli amerikalı komandir, polkovnik-leytenant və Suriya Daxili İşlər Nazirliyinin rəsmisi arasında İŞİD-ə qarşı mübarizə ilə bağlı iclası mühafizə edərkən baş verib", - nəşr yazıb.
Qeyd olunub ki, silahlı şəxs iclas zalının pəncərəsindən avtomatdan əsgərlərə atəş açıb.
Amerika və Suriya qüvvələri cavab atəşi açıb, suriyalılar isə hücumçunu təqib ediblər. Onlar sonda İŞİD yaraqlısı olan silahlını öldürüblər.
Pentaqonun sözçüsü Şon Parnell Suriyanın Palmira şəhərində iki amerikalı hərbçi və bir mülki tərcüməçinin hücum nəticəsində öldüyünü bildirib. O əlavə edib ki, daha üç nəfər yaralanıb.
***
18:49
Suriyanın Homs əyalətinin mərkəzi hissəsində yerləşən Palmira şəhəri yaxınlığında baş verən atışma nəticəsində iki Suriya təhlükəsizlik qüvvəsi və bir neçə amerikalı hərbçi yaralanıb.
Bu barədə Qərb agentlikləri məlumat yayıb.
Qeyd olunub ki, birgə patrul xidməti zamanı silahlı şəxs əsgərlərə atəş açıb. O, dərhal öldürülüb. Hadisənin motivi ilə bağlı heç bir məlumat yoxdur.
Atışmadan sonra Deyr əz-Zor-Dəməşq avtomobil yolunda nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılıb.
Amerika helikopterləri yaralıları Əl-Tanf şəhəri yaxınlığında (Dəməşqdən 250 km məsafədə) ABŞ və Qərb koalisiyasının hərbi bazasına təxliyə etmək üçün hadisə yerinə gəlib.
1 dəqiqə