Takaiçi Sanae Yaponiyanın Baş nazir vəzifəsinə seçilib
O, Yaponiya tarixində ilk qadın Baş nazirdir

Yaponiya parlamentinin Nümayəndələr Palatasında keçirilən seçkidə hakim Liberal Demokrat Partiyasının (LDP) sədri xanım Takaiçi Sanae ölkənin Baş naziri vəzifəsinə seçilib.
Növbəti mərhələdə parlamentin yuxarı palatası Takaiçi Sanaeni Baş nazir vəzifəsinə təsdiqləməlidir. Bununla o, Yaponiya tarixində ilk qadın Baş nazir olacaq.
Qeyd edək ki, hazırkı Baş nazir Şiqeru İşibanın hakim partiyanın rəhbəri vəzifəsindən istefa verdiyini açıqlamasından sonra oktyabrın 4-də keçirilən seçkidə Takaiçi Sanae partiyanın sədri seçilib. Amma Komeito partiyasının LDP ilə 26 illik koalisiyasına son qoymasından sonra hakim partiyanın sədrinin parlamentdə Baş nazir seçilməsi üçün çətinlik yaranmışdı. Danışıqlar nəticəsində LDP ilə müxalifətin əsas siyasi gücü olan Yaponiya İnnovasiya Partiyası (JIP) arasında koalisiya hökuməti qurmaq barədə razılıq əldə olunub. Bu razılıq LDP lideri Takaiçi Sanaenin ölkənin ilk qadın Baş naziri olmasına zəmin yaradıb.