14:28
Aprelin 2-də Bakıda Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Hökumət başçılarının/Vitse-prezidentinin ikinci görüşü keçirilib.
Görüşdə çıxış edən Azərbaycanın Baş naziri Əli Əsədov Bişkek görüşünün çoxtərəfli əməkdaşlığımızın institusional əsaslarının möhkəmləndirilməsi, qarşılıqlı əlaqələrimizin gücləndirilməsi baxımından çox səmərəli olduğunu deyib.
Baş nazir bildirib ki, bu gün türk dövlətləri arasında siyasi, iqtisadi, nəqliyyat-tranzit, enerji təhlükəsizliyi, rəqəmsal transformasiya, humanitar və bir çox digər sahələrdə əlaqələrin inkişafı üçün mühüm imkanlar mövcuddur. Azərbaycan TDT çərçivəsində əməkdaşlığa daim xüsusi önəm verib, Təşkilata üzv olan bütün dövlətlərlə ikitərəfli müstəvidə strateji tərəfdaşlıq və ya müttəfiqlik münasibətləri qurub. Bu baxımdan, ölkələrimiz arasında ticarət-investisiya əlaqələrinin daha da genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Son illərdə bu istiqamətdə müsbət dinamika müşahidə olunur.
Əli Əsədovun sözlərinə görə, ötən il Azərbaycanın Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə ümumi ticarət dövriyyəsi 5 faizdən çox artıb. Azərbaycanın üzv dövlətlərə yatırdığı sərmayələrin ümumi həcmi isə 21 milyard ABŞ dollarıdır. Eyni zamanda, bir sıra tərəfdaş ölkələrlə yaradılmış birgə investisiya fondları prioritet sahələr üzrə qarşılıqlı sərmayə qoyuluşunun genişlənməsinə və iqtisadi əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edir. Lakin mövcud potensialımız qeyd edilən göstəricilərdən qat-qat böyükdür.

Baş nazir diqqətə çatdırıb ki, Türk dünyasının geostrateji mövqeyi ölkələrimiz üçün olduqca böyük üstünlüklər yaradır. Avropa ilə Asiyanı birləşdirən, Şərq-Qərb və Şimal-Cənub istiqamətlərinin kəsişməsində yerləşən regionumuz beynəlxalq nəqliyyat və logistika baxımından mühüm əhəmiyyətə malikdir. Bu potensialdan daha səmərəli istifadə etmək üçün nəqliyyat bağlantılarının inkişafı və tranzit imkanlarının genişləndirilməsi əsas prioritetlərdən biri olmalıdır.
Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmaz qeyd edib ki, Cənubi Qafqazda sabitlik və əməkdaşlıq mühiti Türk dünyası daxilində qarşılıqlı əlaqəni daha da gücləndirəcək. “Biz inanırıq ki, nəqliyyat, enerji, infrastruktur və rabitə kimi bir çox sahələrdə əməkdaşlıq üçün yeni imkanlar Türk dünyasının rifahına əhəmiyyətli töhfə verəcək", - deyə Vitse-prezident bildirib.
Cevdet Yılmaz diqqətə çatdırıb ki, Türk Dövlətləri İnvestisiya Fondunun, türk dövlətlərinin ilk maliyyə qurumu olaraq, yaxın gələcəkdə maliyyələşdirmə fəaliyyətinə başlayacağını gözləyirik. Fondun beynəlxalq səviyyədə nüfuzlu maliyyə qurumu kimi layiq olduğu mövqeyi tutmasını təmin etmək üçün səylərimizi davam etdirmək vacibdir.
Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenov Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əhəmiyyətini yüksək qiymətləndirdiklərini qeyd edib. Bildirib ki, Orta Dəhlizin institusional statusunu artırmaq məqsədilə Qazaxıstan bu il Azərbaycanla müvafiq hökumətlərarası saziş imzalamağı planlaşdırır.
Onun sözlərinə görə, dünyadakı mövcud vəziyyət təşkilat çərçivəsində “TDT+” formatının aktuallığını artırır. Qazaxıstan Orta Dəhlizin əsas iştirakçıları ilə bu formatda görüşlərin keçirilməsinə xüsusi əhəmiyyət verir. Bu əməkdaşlıq hər iki bazarda mühüm tərəf kimi çıxış etmək və enerji tərəfdaşlığında yeni arxitektura formalaşdırmaq imkanı yaradacaq.
“Yaxın gələcəkdə Qazaxıstan TDT-nin süni intellekt və rəqəmsal inkişaf üzrə qeyri-rəsmi Zirvə Görüşünə ev sahibliyi etməyi planlaşdırır. Əminəm ki, bu görüş rəqəmsal transformasiyaya yeni təkan verəcək və texnoloji əməkdaşlığın gücləndirilməsinə xidmət edəcək”, - deyə Baş nazir bildirib.
Qırğızıstan Nazirlər Kabinetinin sədri Adilbek Kasımalıyev Bakıda qarşıda duran mühüm məsələlərin müzakirəsi üçün çox əlverişli şərait yaradıldığını söyləyib. O, Türk Dövlətləri Təşkilatı çərçivəsində Azərbaycanın sədrliyinin əməkdaşlığa yeni təkan verəcəyinə və əvvəllər əldə olunan razılaşmaların ardıcıl şəkildə həyata keçiriləcəyinə inamını ifadə edib.
Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov çıxışında iqtisadi inteqrasiyanı dərinləşdirmək məqsədilə Baş nazir müavinlərinin sədrliyi ilə Türk Dövlətləri Təşkilatının İqtisadi Tərəfdaşlıq üzrə Daimi Şurasının təsis olunmasını vacib hesab etdiklərini deyib. Bildirib ki, biz üzv dövlətlərin həmin mexanizmə və onun qısa zamanda təsdiq edilməsinə verəcəyi dəstəyə ümid edirik.
"Sənaye əməkdaşlığı və strateji ehtiyatlar sahəsində əməkdaşlığın inkişafı qarşılıqlı fəaliyyətin əsas istiqamətlərindən biridir. Bu baxımdan düşünürük ki, Türk Dövlətlərinin Sənaye İttifaqının qurulması, o cümlədən tammərhələli istehsalat dəyər zəncirlərinin yaradılmasına yönəlmiş strateji minerallar üzrə əməkdaşlıq proqramının qəbul edilməsi üçün səylərin intensivləşdirilməsi zəruridir", - deyə Özbəkistanın Baş nazir əlavə edib.
Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstel bu gün dünya siyasi və iqtisadi baxımdan çoxqatlı böhranların caynağında olduğunu bildirərək deyib: "Müharibələr, iqtisadi böhranlar, qlobal iqlim dəyişikliyinin yaratdığı təsirlər, nizamsız miqrasiya və bir çox digər çətinliklər dünyanı son dərəcə riskli hala gətirib. Bu səbəbdən türk dövlətlərinin strateji həmrəyliyi, Türk dünyası və millətimiz adına tarixi zərurətdir".
Türkmənistanın Nazirlər Kabineti Sədrinin müavini Nökərqulu Ataquliyev Beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafının ölkələrimiz arasındakı iqtisadi inteqrasiyanın güclənməsinə əhəmiyyətli töhfə olduğunu bildirib. Onun sözlərinə görə, Türkmənistan qədim Böyük İpək Yolunu müasir şəraitdə dirçəltmək təşəbbüslərini davamlı şəkildə irəli aparmaqla Şərq-Qərb və Şimal-Cənub marşrutları boyunca nəqliyyat dəhlizlərinin inkişafına xüsusi əhəmiyyət verir.
Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Türk Dövlətləri Təşkilatının əməkdaşlığın gücləndirilməsində və hökumətlər arasında daha yaxşı əlaqənin təmin edilməsində öz rolunu göstərdiyini qeyd edib. "Son illər ərzində təşkilat öz fəaliyyətinin miqyasını genişləndirib. Hal-hazırda 58 müxtəlif sahədə biz əməkdaşlıq mexanizmləri tətbiq edirik", - deyə Kubanıçbek Ömüralıyev əlavə edib.
“Hazırda regionumuzda və dünyada ciddi çağırışlar müşahidə olunur. Biz isə yaranan qeyri-sabitlik səbəbindən dövlət başçılarımızın təlimatlarına əsasən siyasi və təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndiririk. Həmçinin nəqliyyət bağlantıları da əməkdaşlığın ən perspektivli sahələrindən biridir və Orta Dəhliz bu gün cari geosiyasi mühitdə ən vacibdir. Belə ki, 2025-ci ildə Orta Dəhlizlə yükdaşıma həcmi 4,7 milyon tona çatıb və bu rəqəmin 2027-ci ilə qədər 10 milyon tona çatacağı gözlənir”,- deyə Kubanıçbek Ömüralıyev vurğulayıb.
Sonra Azərbaycanın Baş naziri Əli Əsədov görüşdə gündəlikdə nəzərdə tutulmuş məsələlər üzrə məhsuldar və konstruktiv müzakirələr apardığını deyib. O bildirib ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi, iqtisadi-ticari əlaqələrin inkişafı, nəqliyyat və enerji sahələrində qarşılıqlı fəaliyyətin gücləndirilməsi, həmçinin digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı mühüm fikirlər səsləndirildi. Müzakirələr bir daha göstərdi ki, ölkələrimiz arasında mövcud olan qardaşlıq münasibətləri və qarşılıqlı etimad Təşkilat çərçivəsində əməkdaşlığın daha da inkişafı üçün möhkəm əsas yaradır.
Sonda görüşün nəticələrinə dair Birgə Bəyanat qəbul edilib.
***
13:48
Aprelin 2-də Bakıda Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Hökumət başçılarının/Vitse-prezidentinin ikinci görüşü çərçivəsində birgə bəyanat qəbul edilib:
“Türk Dövlətləri Təşkilatının Hökumət başçıları/Vitse-prezidentinin ikinci görüşü 2026-cı il aprelin 2-də Bakıda keçirilmişdir. Görüşdə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov, Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmaz, Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenov, Qırğız Respublikasının Nazirlər Kabinetinin sədri – Prezident Administrasiyasının rəhbəri Adılbek Kasımaliyev, Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov, Şimali Kipr Türk Respublikasının Baş naziri Ünal Üstel, Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Nökərgulu Ataguliyev, həmçinin TDT-nin Baş katibi Kubanıçbek Ömürəliyev iştirak etmişlər.
TDT-yə üzv dövlətlərin Hökumət başçilari/Vitse-prezidenti 2025-ci il sentyabrın 18-də Bişkekdə Qırğız Respublikasının sədrliyi dövründə keçirilmiş birinci görüşün uğurla təşkil olunmasını alqışlamışlar;
Azərbaycan Respublikasının TDT-də davam edən sədrliyinə dəstək ifadə etmiş və birlik, institusional potensialın gücləndirilməsi və prioritet sahələr üzrə praktiki əməkdaşlığın inkişafına yönəlmiş fəal səylərini yüksək qiymətləndirmişlər;
Naxçıvan Sazişi və TDT-nin digər əsas sənədləri çərçivəsində üzv dövlətlərin öhdəliklərini bir daha təsdiqləmiş və TDT çərçivəsində sıx əməkdaşlığın regionda və onun hüdudlarından kənarda sülh, sabitlik və davamlı inkişafın təşviqində mühüm rol oynadığını vurğulamışlar;
2025-ci il oktyabrın 7-də Qəbələdə “Regional sülh və təhlükəsizlik” mövzusunda keçirilmiş TDT-nin 12-ci Zirvə görüşünün nəticələrinin əhəmiyyətini qeyd etmiş, dəyişən geosiyasi və təhlükəsizlik çağırışları fonunda qarşılıqlı maraq doğuran məsələlər üzrə mövqelərin möhkəmləndirilməsi məqsədilə əməkdaşlığın intensivləşdirilməsi barədə razılığın əldə olunduğunu vurğulamışlar;
Bu çərçivədə, 2026-cı il martın 7-də İstanbulda keçirilmiş TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasının nəticələrini müsbət qiymətləndirmiş, regionda sülh və təhlükəsizliyə birbaşa təhdid yaradan regional və qlobal proseslər üzrə geniş məsləhətləşmələrin aparılması üçün mühüm imkan kimi dəyərləndirmişlər;
Üzv və müşahidəçi dövlətlər arasında iqtisadi əlaqələrin və investisiya əməkdaşlığının genişləndirilməsinin, o cümlədən birgə layihələrin təşviqi, biznes və investisiya mühitinin yaxşılaşdırılması və bizneslərarası əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulamışlar;
“Türk Dünyasına Baxış-2040” sənədini nəzərə alaraq, ticarətdə qeyri-tarif maneələrinin aradan qaldırılması yolu ilə üzv dövlətlər arasında ticarət həcminin artırılmasına sadiqliyini ifadə etmişlər;
Sənaye inkişafının iqtisadi artıma töhfəsini və dayanıqlı iqtisadi modelin formalaşmasındakı rolunu qeyd edərək, qarşılıqlı maraq doğuran sənaye sahələrində əməkdaşlığın gücləndirilməsinə hazır olduqlarını bildirmişlər;
Standartlaşdırma, rəqəmsallaşma və yaşıl texnologiyaların təşviqi sahələrində əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini qeyd etmişlər;
Kənd təsərrüfatı sahəsində əməkdaşlığın gücləndirilməsinin davamlı iqtisadi artım və ərzaq təhlükəsizliyi baxımından əhəmiyyətini vurğulamışlar;
Enerji təhlükəsizliyinin gücləndirilməsi, enerji mənbələrinin şaxələndirilməsi və enerji marşrutlarının təhlükəsizliyinin təmin olunmasının vacibliyini qeyd etmişlər;
Neft, qaz və digər karbohidrogenlərin nəqli sahəsində mövcud infrastrukturun səmərəli istifadəsini və genişləndirilməsini dəstəkləmişlər;
Yaşıl enerji layihələrinin inkişafı və ötürülməsi sahəsində əldə olunmuş irəliləyişi alqışlamış və Yaşıl Enerji Dəhlizinin inkişafına güclü dəstək ifadə etmişlər;
Kritik mineralların enerji təhlükəsizliyi baxımından əhəmiyyətini vurğulamış və əməkdaşlıq imkanlarının araşdırılmasına çağırmışlar;
Enerji səmərəliliyinin artırılması və qabaqcıl təcrübələrin paylaşılmasının təşviq olunmasını dəstəkləmişlər;
Nüvə enerjisindən dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlıq imkanlarının araşdırılmasını dəstəkləmişlər;
İnnovasiya, rəqəmsal transformasiya və süni intellektin iqtisadi inkişaf üçün strateji əhəmiyyətini qeyd etmiş və bu sahələrdə əməkdaşlığın genişləndirilməsini dəstəkləmişlər;
Kosmik texnologiyaların artan əhəmiyyətini nəzərə alaraq, bu sahədə birgə təşəbbüslərin təşviqini dəstəkləmişlər;
Nəqliyyat dəhlizlərinin inkişafını və rəqəmsal əlaqələndirmə infrastrukturunun inteqrasiyasını dəstəkləmişlər;
Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı üzrə əməkdaşlıq haqqında sazişin əhəmiyyətini vurğulamışlar;
TDT-nin Zirvə görüşlərində qəbul edilmiş qərarların icrasının təmin edilməsinin vacibliyini bir daha təsdiqləmişlər;
Qazaxıstanın 2026-cı ildə Türküstanda Süni İntellekt və Rəqəmsal İnkişaf mövzusunda qeyri-rəsmi Zirvə görüşünə ev sahibliyi təşəbbüsünü alqışlamışlar;
Tədbirin yüksək səviyyədə təşkilinə və göstərilən qonaqpərvərliyə görə Azərbaycan Respublikasına dərin minnətdarlıqlarını bildirmişlər.
Birgə bəyanat 2026-cı il aprlein 2-də Bakıda ingilis dilində qəbul edilmişdir”.
***
12:45
Bakıda, "Gülüstan" sarayında Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin ikinci görüşü başa çatıb.

Baş nazir Əli Əsədov tədbirin yekunu olaraq bəyanat qəbul edildiyini açıqlayıb.
***
11:21
Bakıda, "Gülüstan" sarayında Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin ikinci görüşü keçirilir.
Tədbirdə Azərbaycan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Şimali Kiprin hökumət başçıları, Türkiyənin Vitse-prezidenti, həmçinin TDT-nin Baş katibi iştirak edir.
Görüşdə iqtisadi əlaqələr və nəqliyyat-logistika məsələlərinin müzakirəsi nəzərdə tutulub.
Xatırladaq ki, TDT-yə üzv dövlətlərin hökumət başçılarının ilk iclası ötən il sentyabrın 18-də Qırğızıstanda keçirilib.
17 dəqiqə