BLOQ

TDT:Qlobal qeyri-müəyyənlik şəraitində dərinləşən əməkdaşlıq

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin təhlili

TDT:Qlobal qeyri-müəyyənlik şəraitində dərinləşən əməkdaşlıq
  • Oxuma müddəti:

    4 dəqiqə

  • TDT: Qlobal qeyri-müəyyənlik şəraitində dərinləşən əməkdaşlıq

    Hazırkı qlobal siyasi dinamika gərginliyin artması ilə xarakterizə olunur. TDT-nin Qəbələ Sammitinin əsas mövzusu kimi “Regional Sülh və Təhlükəsizlik” mövzusunun seçilməsi beynəlxalq gərginliyə və qeyri-müəyyənliyə cavab olaraq inteqrasiyanın dərinləşməsi zərurətinin türk dəvlətləri tərəfindən anlaşıldığını göstərir.

    Tədbir çərçivəsində irəli sürülən və inteqrasiyanın dərinləşməsini əks etdirən əsas təşəbbüs və layihələr regional sülh və təhlükəsizliyin gücləndirilməsi, iqtisadi işbirliyi, nəqliyyat əlaqələrinin inkişafı, rəqəmsallaşma və mədəniyyət kimi geniş əməkdaşlıq spektrini əhatə edir. Onların arasından ən əsas olanlara qısaca nəzər yetirək:

    İnstitusional genişlənmə - TDT-nin qlobal şəraitə uyğunlaşması çərçivəsində TDT+ formatının yaradılması təşkilatı qapalı qurumdan üçüncü tərəflərlə əməkdaşlığa açıq olan çevik platformaya çevirir. Bu, həmçinin, TDT-nin beynəlxalq nüfuzunu, qlobal qərar qəbuletmə proseslərinə təsirini artırmaq məqsədilə beynəlxalq platformalarla işbirliyini intensivləşdirməyə imkan yaradır.

    Təhlükəsizlik təşəbbüsləri - Azərbaycan Prezidenti İlham Əliyev 2026-cı ildə türk dövlətlərinin birgə hərbi təlimlərinin Azərbaycanda keçirilməsini təklif edib. Bakı müstəqillik və ərazi bütövlüyü, habelə xarici qüvvələrin regiona müdaxiləsinin qarşısını almaq üçün hərbi gücü mühüm amil hesab edir. Qazaxıstan Prezidenti isə yeni təhdid növü sayılan kiberhücumlarla mübarizə aparmaq məqsədilə təşkilat çərçivəsində Kibertəhlükəsizlik Şurasının yaradılmasını təklif edib. Bu Şura qeyd olunan sahə üzrə fəaliyyətlərin koordinasiyasını təmin etməli və rəqəmsal təhlükəsizliyi gücləndirməlidir.

    İqtisadi mexanizmlər - Qəbələ sammitində TDT ölkələri arasında nəqliyyat, enerji, maliyyə və İKT üzrə yeni təşəbbüslər irəli sürülüb. Bunlara nəqliyyat-tranzit sahəsinin rəqəmsallaşdırılması və süni intellekt texnologiyalarının tətbiqi üçün aparıcı ekspertlərin cəlb edildiyi Rəqəmsal Monitorinq Mərkəzinin, habelə bərpa olunan enerji mənbələrinə diqqət yetirmək məqsədilə Enerji Səmərəliliyi üzrə Qabaqcıl Təcrübə Şurasının yaradılması, həmçinin sənaye sahəsində əməkdaşlıq potensialını nəzərə alaraq, konkret prioritet layihələri əhatə edəcək Sənaye Əməkdaşlığı Proqramının qəbul edilməsi təklifini misal çəkmək olar.

    Yuxarıda qeyd olunanlar TDT-nin sadəcə niyyətlər siyasətindən icra mexanizminə keçid mərhələsində olduğunu nümayiş etdirir. Sirr deyil ki, TDT-yə üzv və müşahidəçi dövlətlərin sərhədləri birbaşa və ya dolayısı ilə geosiyasi və ya hərbi qarşıdurmalara cəlb olunmuş ölkələrlə əhatə olunub. Bu şərtlər altında TDT-nin yalnız əməkdaşlıq platforması olmaqdan çıxaraq, ciddi regional güc mərkəzinə çevrilməsi qaçılmazdır. Ənənəvi sabitlik mexanizmləri sarsıldıqda, məhz regional ittifaqlar və əməkdaşlıq formatları tarazlıq mexanizmləri kimi çıxış edir. Qəbələ Sammitinin məhz təhlükəsizlik mövzusuna həsr edilməsi türk dünyasının maraqlarını qorumaq üçün kollektiv mexanizmləri gücləndirmək ehtiyacını əks etdirir.

    Artıq TDT ölkələri təhlükəsizliyi yalnız milli maraq komponenti kimi deyil, hökumətlərarası əməkdaşlığın ayrılmaz bəndi kimi qəbul edilməyə başlayırlar. Azərbaycan isə təhlükəsizliyə mücərrəd bir anlayış kimi deyil, etimad və institusional koordinasiyaya əsaslanan qarşılıqlı öhdəliklər sistemi kimi baxmağı təklif edir. Bu yeni təhlükəsizlik paradiqmasına əsasən, türk dövlətləri özləri müdafiə standartlarını müəyyənləşdirir və təkcə TDT daxilində deyil, qonşu regionlarla da etimada əsaslanan körpülər qururlar. Azərbaycanın TDT daxilində təhlükəsizlik çətiri yaratmaq təklifi mövcud böhranlara cavab, həm də regionun dayanıqlı inkişafını təmin edən strateji təşəbbüsdür.