Reportaj

Telerejissor Ramiz Həsənoğlunun 80 illik yubileyi keçirilib

“VMF” şirkəti Ramiz Həsənoğlunun yubileyinə məxsusi saat istehsal edib

Telerejissor Ramiz Həsənoğlunun 80 illik yubileyi keçirilib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Aprelin 30-da Azərbaycan Dövlət Film Fondunda Xalq artisti, görkəmli kino və televiziya rejissoru Ramiz Həsənoğlunun 80 illik yubileyi keçirilib. Tədbir çərçivəsində sənətkarın həyat və yaradıcılığını özündə əks etdirən fotosərginin açılışı olub.

    Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi adından yubilyarı təbrik edən nazir müavini Səadət Yusifova Azərbaycan televiziyasının və kinosunun inkişafında Ramiz Həsənoğlunun xidmətlərindən bəhs edib, onun dövlət tərəfindən bir çox mükafatlarla təltif olunduğunu vurğuladyıb.

    Tədbirin aparıcısı, Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev Ramiz Həsənoğlunun yaradıcılığından danışaraq, onun bədii və sənədli filmlərini, televiziya tamaşalarını təhlil edib.

    Azərbaycan Kinematoqrafçılar İttifaqı adından birinci katib, Xalq artisti Şəfiqə Məmmədova, Xalq yazıçısı Anar, Xalq artistləri Xalidə Quliyeva, Hacı İsmayılov, Məbud Məhərrəmov, Əməkdar incəsənət xadimi Aydın Talıbzadə, jurnalist İlhamiyyə Rza və s. yubilyara təbriklərini çatdırıblar, ona yaradıcılıq uğurları arzulayıblar.

    Azərbaycan Teatr Xadimləri İttifaqı adından sədr, Xalq artisti Hacı İsmayılov yubilyara “Sənətkar” medalını təqdim edib.

    ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev Azərbaycanda ilk dəqiq mexanizmlər istehsal edən “VMF” şirkəti tərəfindən Ramiz Həsənoğlunun yubileyinə məxsusi buraxılmış saatı kino xadiminə təqdim edib.

    Sənətkarın 80 illiyinə həsr olunmuş “Qobustan” jurnalı tədbir iştirakçılarına paylanılıb.

    Tədbirdə "Baku TV"nin yubilyara həsr etdiyi, rejissor İman Məcidovun çəkdiyi “Sənin boyun ucadır” filmi və rejissor Elnaz Əblucun hazırladığı videoçarx nümayiş etdirilib.